Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Nazir müavini: “Dövlət orqanları xidmətlərin elektronlaşdırılmasına maraq göstərirlər”
“Elektron hökumət portalından istifadənin sayı 5 milyonu ötüb. Bir il ərzində 5 dəfədən artıq artım baş verib”.
Bu fikirləri Rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə söyləyib. Portala daxil olan istifadəçilərin sayının artması ilə yanaşı, vətəndaşlara göstərilən elektron xidmətlərin çeşidinin və keyfiyyətinin də yüksəldiyini vurğulayan nazir müavini xatırladıb ki, bu istiqamətdə həyata keçirilən fəaliyyət uğurlu nəticələr verməkdədir:
“Əgər Nazirlər Kabinetinin təsdiq etdiyi birinci siyahıda elektron xidmətlərin sayı 428 idisə, hazırda bu rəqəm 452 təşkil edir. Bu onu göstərir ki, dövlət orqanları prosesə cəlb olunmaqla öz fəaliyyətlərində yeni sahələrin, yeni xidmətlərin elektronlaşdırılmasına maraq göstərirlər və bunları “Elektron hökumət” portalına təqdim edirlər. Jurnalistlər də sözügedən məsələdən yazmaqla vətəndaşları e-xidmətdən ətraflı istifadəyə cəlb edir. Bu da çox önəmlidir. Bizim üçün vacib olan məqamlardan biri də budur ki, vətəndaşların mövcud olan potensialdan xəbərləri olsun və onlardan tam şəkildə yararlansınlar”.
“Bakutel” sərgi-konfransında RYTN-in elektron hökumətlə bağlı geniş təqdimatla çıxış etdiyini xatırladan E.Vəlizadənin sözlərinə görə, artıq mobil tətbiqlər vətəndaşların istifadəsinə təqdim edilib: “Vətəndaşlar Elektron hökumət portalına müraciətlərini mobil vasitələrlə edərək onun imkanlarından da bəhrələnə bilərlər. Azərbaycanda bu imkanlar gündən-günə genişlənir. Biz hesab edirik ki, ölkəmizdə elektron hökumətin formalaşması növbəti illərdə daha da geniş vüsət alacaq və uğur qazanacaq”.
S.Qasımbəyli
20/12/14 Çap et