Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda I Respublika Əqli Mülkiyyət və İnnovasiya Sərgisi keçiriləcək


Azərbaycanda I Respublika Əqli Mülkiyyət və İnnovasiya Sərgisi öz işinə başlayacaq. Dekabrın 24-də saat 10:00-da Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanada keçiriləcək sərgi Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, İqtisadiyyat və Sənaye Nazirliyi, Müəllif Hüquqları Agentliyi və AMEA-nın birgə təşkilatçılığı ilə baş tutacaq.
 
Təşkilat Komitəsindən qeyd edilib ki, sərgi respublika prezidentinin 2014-cü il 12 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2014-cü ilin “Sənaye ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”na uyğun həyata keçiriləcək.
 
İki gün davam edəcək sərgidə AMEA-nın institutları ilə yanaşı, Milli Aviasiya Akademiyası, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində yaradılan Yüksək Texnologiyalar Parkı, “Azərenerji” ASC, Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutu, Sumqayıt Texnologiyalar Parkı, Müdafiə Sənayesi Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, “ASAN xidmət” İnnovasiyalar Mərkəzi, Azərbaycan Texniki Universiteti, Bakı Dövlət Universiteti, Qafqaz Universiteti, SOCAR və s. təşkilatlar, patent almış ixtiraçılar və digər sənaye sahələrində fəaliyyət göstərən özəl sektorun nümayəndələri öz sərgi pavilyonları ilə təmsil olunacaqlar.
 
 
Həqiqət İSABALAYEVA




22/12/14    Çap et