Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanlı diplomat BMT-nin İnkişaf Proqramının İraqdakı nümayəndəliyində yüksək vəzifələrdən birinə təyin edilib


BMT əməkdaşı azərbaycanlı diplomat BMT-nin İnkişaf Proqramının Kürdüstandakı (İraq) Regional Ofisinin rəhbəri vəzifəsinə təyin edilib. Sultan Hacıyev BMT sistemində çalışan ən yüksəkvəzifəli azərbaycanlılardandır.

Müvəffəqiyyətli “böhran” meneceri kimi tanınan Sultan Hacıyevin göstərdiyi xidmətlər siyahısına 2010-cu ilin aprelində Qırğızıstanda baş vermiş inqilab və elə həmin ilin yay fəslində ölkənin cənubunda baş vermiş etnik toqquşmalar zamanı uğurlu fəaliyyəti, həmçinin Əfqanıstan, Yəmən və Cənubi Sudan kimi ölkələrdəki müvəffəqiyyətli fəaliyyəti daxildir.

Sultan Hacıyev artıq İraqda iş təcrübəsinə malikdir. O, bu ölkəyə BMT-nin İnkişaf Proqramının baş qərargahında xüsusi mürəkkəblik kateqoriyasına aid olan ölkələr üzrə baş müşavir vəzifəsini icra edərkən ezam olunmuşdu. BMT-dəki karyerasına 1994-cü ildə Azərbaycanda başlayan Sultan Hacıyev Azərbaycan Respublikasının BMTİP ilə e-idarəçilik sahəsindəki sıx əməkdaşlığının banilərindən biridir.

Bu gün də sözügedən əməkdaşlıq hökumət və beynəlxalq təşkilat arasında mövcud olan müvəffəqiyyətli qarşılıqlı əməkdaşlığın ən yaxşı nümunəsi hesab olunur.
 
Onu da qeyd etmək lazımdır ki, uzun müddət ərzində BMT-nin baş qərargahında çalışmış Sultan Hacıyev Azərbaycanın uğurlu dövlət idarəçilik örnəklərinin oxşar inkişaf problemlərini yaşayan ölkələr üçün nümunə kimi göstərilməsinin, həmçinin ölkəmizin BMT-nin strateji donoru kimi mövqeləşməsinin fəal tərəfdaşlarından biridir. Bu cür əməkdaşlığın bariz nümunələrindən biri Azərbaycan və Əfqanıstan arasındakı çoxsahəli tərəfdaşlıq münasibətləri hesab olunur ki, onların da inkişafına məhz Sultan Hacıyevin Kabildə institusional inkişaf məsələləri üzrə baş müşavir işlədiyi zaman mühüm töhfəsi olmuşdur.

Xatırlatmaq lazımdır ki, sözügedən əməkdaşlığın təşəbbüskarı və əsas tərəfdaşları Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) yanında Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA) və Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyidir.
 
Qeyd etmək lazımdır ki, BMTİP-nin Azərbaycanda böyük marağına səbəb olmuş və təşkilatın xarici ölkələrdə tətbiq etmək istədiyi digər perspektiv istiqamətlərdən biri də “ASAN xidmət”dir.
 
Bütövlükdə İraq və qismən Kürdüstan qısa müddət ərzində regionun xəritəsini büsbütün dəyişən İslam dövlətinin qüvvələrinə qarşı sərt müqavimət göstərən ön cəbhədir. Yüz minlərlə qaçqın və köçkünlərin zorla köçürülməsi nəticəsində gündəmə çıxan humanitar fəlakət beynəlxalq birliyin səylərinin cəmləşməsini tələb etdi; vəziyyət isə hələ də gərgin olaraq qalmaqdadır.

Eyni zamanda hesab edilir ki, İraqın Kürdüstan bölgəsi təbii sərvətlərlə zəngin olduğuna görə inkişaf üçün böyük potensiala malikdir. İraq BMT sistemi üçün ən prioritet ölkələrdən biri hesab olunur və həmvətənimizin məhz bu ölkədə yüksək vəzifələrdən birinə təyin olunması diqqətəlayiq bir hadisədir.
 
Qeyd etmək lazımdır ki, Kürdüstandakı Regional Ofisin rəhbəri həm də BMTİP-nin İraqdakı nümayəndəsinin birinci müavinidir.




24/12/14    Çap et