Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycan Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi növbəti xəbərdarlığını edib


Azərbaycan Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi “Torrentlocker” zərərverici proqramının yeni versiyasının aşkar olunması ilə bağlı əhaliyə xəbərdarlıq edib.
 
 
Mərkəz bununla əlaqədar olaraq istifadəçilərə elektron poçt ünvanlarına daxil olan məktubların etibarlı mənbədən göndərildiyinə əmin olduqdan sonra açmalarını tövsiyə edir.
 
 
Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzinin məlumatında qeyd olunur ki, “Torrentlocker” zərərverici proqramı istifadəçilərin kompüterində olan sənədləri, görüntüləri və bəzi faylları şifrləmək üzrə ixtisaslaşıb. Belə ki, faylların bərpası üçün istifadəçidən 1180 avro və ya 1500 dollar ödəmək tələb olunur. Ödəniş virtual kripto valyuta olan bitkoin vasitəsilə həyata keçirilir.
 
 
“Eset” analitiklərinin qiymətləndirməsinə görə zərərverici kompaniyanın gedişatında müxtəlif ölkələrdən olan 40000 kompüter və 280.000.000-dan çox sənəd şifrlənib. Dekabr ayında “TorrentLocker”-in yayılma sürəti 1 günə 700 kompüter təşkil edib. Bununla yanaşı, zərərçəkənlərin 1.45%-i təqdim olunan ödənişi tam və ya hissə-hissə ödəyiblər. Beləliklə isə hakerlərin büdcəsi 300000-600000 dollara çatıb. “TorrentLocker” istifadəçilərinə “Microsoft Office”-ə aid sənədin adı altında gizlədilmiş fişinq məktublar göndərir. İcra olunan faylı yüklədikdən sonra “TorrentLocker” axtarış və sənədlərin şifrlənməsini həyata keçirir.
 
 
Məlumat üçün bildirək ki, “TorrentLocker”-in arxasında əvvəllər istifadə olunmuş bank proqram təminatı olan “Hesperbot”-u yayan qrup dayanır. Zərərvericinin müəllifləri əvvəlki versiyalarda istifadə olunan bəzi daxili alqoritmləri dəyişiblər. Bu addımlar isə zərərvericinin analizini və istifadəçi fayllarını deşifr etməyə çətinlik yaradır.
 
 
CAHANGİR
 




25/12/14    Çap et