Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Nyu-Yorkda elektronikanı zibilliyə atmaq qadağan olunub


1 yanvar 2015-ci ildən qüvvəyə minəcək yeni qaydalara əsasən, Nyu-York sakinlərinə elektron qurğuları zibilliyə atmaq qadağan edilərək onun təkrar emala verilməsi tələb olunacaq.
 
Məlumata görə, elektronikanın emalı ilə xüsusi şirkətlər məşğul olacaq. ABŞ-da isə belə şirkətlərin sayı az deyil. Məsələn, “Electronics Recycles International” şirkətinin ölkə üzrə səkkiz emal mərkəzi fəaliyyət göstərir və əhalidən elektronikanı mağaza, ticarət mərkəzləri və digər təşkilatlarda qəbul edir. Sonradan elektronika saf-çürük edilərək materiallar istehsalçılara təkrar emal üçün göndərilir.
 
Elektronikanın emalına dair qanunlar ABŞ-ın 25 ştatında qüvvədə olsa da, Nyu-Yorkda tətbiq ediləcək yeni qanun daha sərtdir. Belə ki, qanuna görə, kompüter və periferiya texnikası, televizorlar, televizor kineskopları, kompüter monitorları, oyun konsolları və videomaqnitofonların çölə atılması qadağandır. Məsələn, Men, Minnesota və Massaçusets ştatlarında yalnız kineskopların zibilliyə atılması yasaqdır.  
 
Birləşmiş Ştatlarda elektronika emalı sahəsi yüksək templərlə inkişaf edir. 2002-ci ildə ölkədə bu sahədə 6 min nəfər çalışırdısa, hazırda onların sayı 45 minə  çatıb. 2011-ci ildə 4,4 milyon tondan çox elektronika emal edilib. Hasil olunan materialların təxminən 70 faizi yenidən istehsalçılara satılır. Bunlar polad, alüminium, mis, qurğuşun, şüşə, plastmas və çap plataları kimi materiallardır, - "Telekomza” yazır. 




26/12/14    Çap et