Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Hüseynqulu Bağırov: “Ekologiya sahəsində müasir texnologiyaların tətbiqi olduqca müsbət nəticələr verə bilər”


Prezident İlham Əliyev cənablarının diqqət və qayğısı sayəsində Azərbaycanda İKT sektorunun inkişafı istiqamətində həyata keçirilən tədbirlər, qəbul olunan Dövlət proqramları, “Elektron Hökumət” layihəsinin uğurla həyata keçirilməsi bütün sahələrin inkişafına təkan verib.

Bu istiqamətdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi də bir sıra uğurlara imza atıb.

Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov “İCTNews”-ə müsahibəsində informasiya kommunikasiya texnologiyalarının tətbiqi sayəsində əldə olunan nəticələrdən danışıb.

- Ölkəmizdə informasiya və kommunikasiya texnologiyalarının inkişafını necə qiymətləndirirsiniz?

- Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarının rəhbərliyi ilə ölkəmizdə bütün istiqamətlərdə olduğu kimi, informasiya və kommunikasiya texnologiyaları sektorunda da dinamik və ardıcıl inkişaf tendensiyası davam edir. Sirr deyil ki, ölkəmizdə İKT sektorunda qənaətbəxş nəticələr əldə olunub.

Bu inkişafı mən bir vətəndaş kimi öz həyatımda hiss edirəm. Çox primitiv bir misal - telefon və internet istifadəçisiyəm və bunlarsız gündəlik həyatımı təsəvvür edə bilmirəm.

Bu gün hər bir vətəndaşın istər stasionar şəbəkədən, istər mobil rabitədən və keyfiyyətli internet xidmətlərindən maksimum istifadə etməsi üçün geniş imkanlar yaradılıb.

- Cənab nazir, informasiya və kommunikasiya texnologiyalarının tətbiqi rəhbəri olduğunuz sahədə hansı keyfiyyətli nəticələrin əldə olunmasına şərait yaradıb?

- Bu gün ölkəmizdə ayrı-ayrı sahələr üzrə həyata keçirilən layihələr böyük uğurların əldə olunmasına şərait yaradıb. İnformasiya və kommunikasiya texnologiyalarının bütün sahələrdə tətbiqi geniş imkanlar açır .

Ekologiya və Təbii Sərvətlər Nazirliyi olaraq bu istiqamətdə bir çox layihələr həyata keçiririk.

Ancaq öncədən qeyd edim ki, bu istiqamətdə həyata keçirilən işlərin effektiv alınması üçün bacarıqlı kadrlara ehtiyac var. Bizdə də bu problem var. Etiraf edim ki, bu sahədə güclü mütəxəssislərimiz azdır.

Bütün bunlara baxmayaraq Metrologiya mərkəzlərində avtomatik rejimdə işləyən stansiyalar qurulur və bu stansiyalar internet şəbəkəsi üzərindən məlumatları mərkəzə ötürəcək.

Bundan başqa yaşıllıqların qorunması və ərazi üzrə paylanması, çirklənmənin aradan qaldırılması və ən əsas problemlərdən biri olan ziyanvericilərə qarşı mübarizə üçün peykdən üçölçülü çəkilişlərin həyata keçirilməsi istiqamətində də işlər aparırıq. Bu çəkilişlər təhlillərin aparılmasına şərait yaradacaq.

Qeyd etdiyim məsələlər çox aktual məsələlərdir ki, biz bunların həllinə səylə çalışırıq.

-Yüksək texnologiyaların tətbiqi ilə ekoloji mühitin qorunmasına nə dərəcədə nail olmaq mümkündür?

- Bilirsiniz ki, “Elektron Hökumət”in bərqərar olunması istiqamətində digər dövlət orqanları ilə yanaşı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin də üzərinə bir sıra mühüm öhdəliklər düşür. Dövlət Proqramının tərkib hissəsi olaraq hazırda bir sıra layihələr üzərində çalışırıq.

Xeyli müddətdir ki, İnternet şəbəkəsi yaratmaq niyyətindəyik. Hesab edirik ki, məlumatların ötürülməsi üçün unikal şəbəkənin yaradılması ilə qarşıya qoyduğumuz məsələlərin bir hissəsini həll etmiş olacağıq.

Biz informasiyaların operativ ötürülməsi üçün yeni bir mərkəzin yaradılmasını da nəzərdə tuturuq. Bu mərkəz müasir informasiya texnologiyaları ilə təchiz olunmalı və ən mürəkkəb məsələlərin həllinə kömək etməlidir.

Təchizat məsələləri ilə bağlı xarici şirkətlərə sifariş vermək maliyyə baxımından çox baha başa gəlir. Ona görə də özümüz çıxış yolu tapmalıyıq. Artıq bir çox texnologiyaların əldə edilməsi üçün Milli Aviasiya Akademiyası ilə müqavilə bağlamışıq.

Həmin müqaviləyə əsasən, xaricdən istehlakı baha başa gələn avadanlıqların akademiyanın mütəxəssisləri tərəfindən hazırlanması nəzərdə tutulub.

Bizim sahədə informasiya texnologiyalarının tətbiqi olduqca müsbət nəticələr verə bilər. Adi bir misal çəkim; Nazirliyin Tufan dağının başında stansiyası mövcuddur. Bildiyiniz kimi, orada hava şəraiti olduqca sərtdir.

Stansiyada hər hansı problem olanda biz çıxılmaz vəziyyətə düşürük. Həmin əraziyə hər dəfə mütəxəssis göndərə bilmirik. Belə ərazilərdə havanın temperaturu, rütubəti və avadanlıqla bağlı problemləri vahid bir mərkəzdən həll etmək istərdik.

Ümumiyyətlə, bu sahə ilə bağlı perspektiv planlarımız çoxdur. Çalışacağıq ki, bunları ardıcıl olaraq həll edək.

- Cənab nazir, müsahibə üçün çox sağ olun...

- Siz də sağ olun.




02/09/11    Çap et