“Nokia N1” planşeti Çin bazarında satışa çıxarılacaq
“Nokia” şirkəti Çində “N1” planşetini rəsmən elan edib. Qurğu yanvarın 7-də satışa çıxarılacaq.
"ICTnews" elektron xəbər xidməti “apptractor.ru” saytına istinadən bildirir ki, “Nokia N1” planşetinin qiyməti 249 dollar təşkil edəcək.
Planşet “Gorilla Glass 3” qoruyucu şüşəyə malik 7.9 düymlük ekran, 64 bitlik dördnüvəli 2.3 QHs takt tezlikli “Intel Atom Z3580” prosessoru, 2 QB əməli yaddaş, 32 QB daxili yaddaş, 8 meqapiksel təsvir ölçülü arxa kamera və 5 meqapiksellik ön, 5300 milliamper/saat tutumunda batareya ilə təchiz edilib.
“Nokia N1” planşeti “Android 5.0” mobil platforması ilə işləyəcək.
Emil Hüseynov