Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İnformasiya texnologiyaları üzrə aparılan tədqiqat və araşdırmalarla bağlı illik hesabat təqdim olunub
AMEA Radiasiya Problemləri İnstitutunda AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi institutlarının 2014-cü ili əhatə edən hesabat iclası keçirilib.
AMEA-nın vitse-prezidenti, bölmənin akademik-katibi, akademik Akif Hacıyev iclasın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinə daxil olan 6 institutunun cari ildəki fəaliyyətinə həsr olunduğunu bildirib.
Akademiyadan verilən məlumata görə, ilk olaraq, AMEA Fizika İnstitutunun illik hesabatını institutun direktoru, AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru Nazim Məmmədov təqdim edib.
Bildirib ki, hesabat ilində institut əməkdaşları tərəfindən 3 istiqamətdə 8 mövzu üzrə 40 elmi tədqiqat işi aparılıb. 393 elmi iş, o cümlədən xaricdə 184, yüksək impakt faktorlu jurnallarda 152 məqalə, ölkə mətbuatında 128 məqalə və 5 monoqrafiya çap olunub.
AMEA İdarəetmə Sistemləri İnstitutunun illik hesabatı ilə çıxış edən institutun direktoru, akademik Telman Əliyev bildirib ki, rəhbərlik etdiyi qurumda elmi tədqiqat işləri 2 problem - informasiya-telekommunikasiya sistemlərinin nəzəri və tətbiqi problemləri və riyazi modelləşdirmə, idarəetmə və avtomatlaşdırmanın nəzəri və tətbiqi problemləri üzrə aparılıb: “İnstitutun nəşriyyat fəaliyyətindən bəhs edən alim il ərzində12 monoqrafiya, 3 kitab və 3 dərslik olmaqla, 343 elmi əsər, 190 məqalə çap olunub”.
AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev rəhbərlik etdiyi elmi müəssisənin 2014-cü il ərzində müxtəlif istiqamətlər üzrə əldə etdiyi nailiyyətləri diqqətə çatdırıb:
“İnstitutun əsas vəzifələrindən biri ölkəmizdə gedən informasiya cəmiyyəti proseslərinə elmi dəstək verməkdir”. İnformasiya texnologiyaları və informasiya cəmiyyətinin elmi-nəzəri əsaslarının araşdırılması və effektiv metodların təklif olunması istiqamətində aparılan araşdırmalardan söz açan alim bildirib ki, il ərzində institut əməkdaşları tərəfindən “Data Mining” və “Big Data” texnologiyaları, informasiya təhlükəsizliyi, bulud (cloud) texnologiyaları, Azərbaycan və virtual məkan, elektron dövlət quruculuğu problemləri, elektron tibb və elektron elm problemləri, biometrik texnologiyalar və digər prioritet istiqamətlər üzrə elmi tədqiqat işləri aparılmış, əldə olunan nəticələr dünyanın nüfuzlu, impakt faktorlu jurnallarında çap olunub. R.Əliquliyev elmi-innovasiya fəaliyyəti çərçivəsində institutun cari ildə iştirak etdiyi Dövlət proqramları, AR Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən maliyyələşdirilən layihələr, dünyanın nüfuzlu jurnalları üçün elmi ekspertiza fəaliyyəti və s. barədə də məlumat verib, Tədris - İnnovasiya Mərkəzi, “AzScienceNet” elm kompüter şəbəkəsi, “www.ikt.az saytı”, o cümlədən ən müasir texnologiyalarla təchiz edilmiş Elektron Kitabxana Mərkəzinin fəaliyyətinə dair məlumatları da diqqətə çatdırıb.
Beynəlxalq elmi əməkdaşlıq çərçivəsində görülən işlərdən söz açan R.Əliquliyev institutun dünyanın 39 ölkəsi və 261 təşkilatı ilə əməkdaşlıq əlaqələri qurduğunu bildirib: “İl ərzində xarici təşkilatlarla birgə müxtəlif səpkili tədbirlər, seminarlar keçirilib. 2014-cü il ərzində institut əməkdaşları konfrans və simpoziumlarda 127 məruzə ilə çıxış edib, müxtəlif elmi jurnallarda 99 məqalə çap etdiriblər. Bundan əlavə, institutda 3 kitab və 7 ekspress-informasiya nəşr olunub”.
R.Əliquliyev, həmçinin cari ildə institutda həyata keçirilən elmi-təşkilati işlər və tədbirlər, elmin populyarlaşdırılması üzrə fəaliyyət, institutun maddi-texniki bazası və əldə olunan mühüm elmi nəticələrlə bağlı məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırıb.
AMEA Riyaziyyat və Mexanika İnstitutunun illik hesabatını təqdim edən institutun direktoru, professor Misir Mərdanov institutda elmi tədqiqat işlərinin əsasən, 8 problemi əhatə edən 16 mövzu üzrə 125 elmi tədqiqat işi aparıldığını qeyd edib:
“Hesabat ilində institut əməkdaşlarının 403 elmi işi, o cümlədən xaricdə 110, impakt faktorlu jurnallarda 57 məqaləsi dərc edilib. İl ərzində institutda 4 monoqrafiya və 5 dərs vəsaiti çap olunub”.
AMEA Radiasiya Problemləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Adil Qəribov institutun illik hesabatını təqdim edərək bildirib ki, 2014-cü ildə 5 problem, 13 mövzu üzrə 29 iş yerinə yetirilib.
AMEA Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) illik hesabatını təqdim edən ŞAR-ın direktoru, AMEA-nın müxbir üzvü Əyyub Quliyev 2 problem üzrə 8 mövzuda 23 elmi tədqiqat işinin aparıldığını qeyd edib. Onun sözlərinə görə, il ərzində xaricdə 13, ümumilikdə 49 məqalə dərc olunub.
Çıxış edən elmi müəssisə rəhbərləri, həmçinin cari ildə əldə edilən mühüm elmi nəticələr, təşkil olunmuş ümumrespublika və beynəlxalq səviyyəli tədbirlər, Dövlət Neft Şirkətinin Elm Fondu və Prezident yanında Elmin İnkişafı Fondu tərəfindən keçirilən müsabiqələrdə qalib gəlmiş qrant layihələrindən söz açıblar. 2014-cü ildə həyata keçirilmiş elmi-təşkilati, elmi-pedaqoji fəaliyyət, nüfuzlu elmi təşkilatlarla əməkdaşlıq əlaqələri, rəsmi saytların fəaliyyəti və digər məsələlərə dair ətraflı məlumat veriblər.
Həqiqət İSABALAYEVA
29/12/14 Çap et