Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
ADİU-da keçirilən imtahanlar internet üzərindən onlayn yayımlanacaq
Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU) imtahanlarda şəffaflığı daha da artırmaq, imtahan prosesini izləməyi hər kəsə açıq etmək üçün informasiya-kommunikasiya texnologiyalarından geniş şəkildə istifadə etməyə başlayıb. Universitet rəhbərliyi ölkədə internet istifadəçilərinin sayının çoxluğunu nəzərə alaraq imtahan prosesinin internet üzərindən canlı yayımına keçilməsi ilə bağlı göstəriş verib.
ADİU-nun mətbuat xidmətindən “ICTnews.az”a verilən məlumata görə, sözügedən yenilikdən istifadə etməklə valideynlər öz övladlarının imtahanda özünü necə aparmasını, suallara necə cavab verməsini, hansı qiymət almasını, necə hazırlaşdığını onlayn şəkildə izləyə bilər.
“Dekabrın 29-dan etibarən Azərbaycan Dövlət İqtisad Universitetində 2014/2015-ci tədris ilinin qış imtahan sessiyası başlayıb. Bu məqsədlə tələbə və valideynlərin, həmçinin ictimaiyyətin müraciətlərinin qəbulu və araşdırılması məqsədilə əsas tədris binasında “Qərargah” yaradılıb.
Ali təhsil müəssisəsində keçirilən imtahanlarda ictimaiyyətin və valideynlərin müşahidəçi qismində iştirakı təmin edilib. Bu ildən etibarən test imtahan zallarında quraşdırılan veb-kameralar vasitəsilə prosesləri canlı izləmək mümkündür. “Livestream” saytı (http://www.livestream.com/aseu_test_room?t=56983) üzərindən yayımlanan görüntülər hər bir internet istifadəçisi üçün açıqdır. Bu sistemin tətbiqi ilə valideynlərin işləri asanlaşıb.
Belə ki, valideynlər rayon və kənd yerlərindən, eləcə də şəhərlərin özündən universitetə gəlib övladlarının imtahan göstəriciləri ilə maraqlanırdılar. Daha onların hansısa yaxın və ya uzaq məsafəni qət etmələrinə ehtiyac qalmayıb. Hər bir valideyn evində əyləşib rahat şəkildə övladının nəinki imtahan nəticəsini, eləcə də imtahan prosesini belə izləyə bilər. Bununla yanaşı, imtahanla bağlı hər hansı sual, təklif və iradların operativ araşdırılması üçün 4926043 nömrəsi və universitetin “qaynar xətt”inə (146-1-3) müraciət etmək mümkündür” – deyə universitetdən bildirilib.
SEYMUR
30/12/14 Çap et