Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Redmi 2” smartfonu rəsmən elan edilib


Çinin “Xiaomi” şirkəti öz yeni “Redmi 2” modelini nümayiş etdirib.
 
“Xiaomi Redmi 2” başlanğıc səviyyəli aparatdır, məşhur “Redmi 1S” modelini əvəz edəcək. Sözügedən qurğu 1280 x 720 piksel təsvir ölçülü  4,7 düymlük ekran, 8 meqapiksellik əsas və 2 meqapiksellik ön kameralar, 1 QB əməli yaddaş və 8 QB daxili yaddaşla təchiz edilib. Həmçinin 1.2 QHs takt tezlikli 64 bitlik dördnüvəli “Qualcomm 410” prosessoru, “Adreno 306” qrafikası, “4G” dəstəkli SİM kartlar üçün iki slota malikdir.
 
"ICTnews" elektron xəbər xidməti “hi-tech.mail.ru” saytına istinadən bildirir ki, “Redmi 2” aparatı “MIUI 6” interfeysli “Android” əməliyyat sistemi ilə işləyir.
 
Smartfonun ölçüləri 134x67,2x9,4 mm, çəkisi 133 qram təşkil edir. “Samsung” istehsalı olan akkumulyatorun tutumu 2200 milliamper/saatdır.
 
Yeni qurğu Çində yanvarın 9-da bir neçə rəngli (qara, ağ, həmçinin çəhrayı, sarı və yaşıl) korpusda satışa çıxarılacaq. “Redmi 2” smartfonunun satış qiyməti təxminən 110 dollardır.
 
Emil Hüseynov




05/01/15    Çap et