Aparıcı şirkətlərin smartfonları məlumatların mühafizəsi haqqında qanunu pozmur
Tayvan hökumətinin mümkün izləmə ilə bağlı narahatlığı fonunda başlayan araşdırmanın nəticələrinə görə, ölkənin sahə üzrə tənzimləyici orqanı iri şirkətlərin smartfonlarında məlumatların məxfiliyi haqqında qanunun pozulması hallarını aşkar etməyib.
Belə ki, Tayvan Milli Kommunikasiya Komissiyası (National Communications Commission, NCC) 12 telefon istehsalçısının, o cümlədən “Apple”, “Samsung”, “LG”, “Sony” və “Xiaomi” şirkətlərinin məhsullarını öyrənərək onların heç birinin fərdi məlumatların mühafizəsi sahəsində qanunvericiliyi pozmaması qənaətinə gəlib.
Qeyd edək ki, 2014-cü ilin sentyabrında Tayvan hakimiyyəti mətbuatda “Xiaomi” şirkətinin bəzi qurğularının məlumatları birbaşa onun serverlərinə yönəltməsi ilə bağlı informasiya yayıldıqdan sonra Çin istehsalçısının telefonlarının yoxlanılmasına göstəriş verib. Daha sonra digər şirkətlərin istehsalı olan smartfonların yoxlanılmasına başlanılıb.
Elektronikanın yoxlanışında bilavasitə iştirak edən “NCC” nümayəndəsi Ceyms Lunun sözlərinə görə, telefonlardan məlumatların qeyri-qanuni sızdırılmasından söhbət getməsə də, informasiya yetərincə təhlükəsiz ötürülmür.
Ötən ilin avqustunda “Xiaomi” tələb olunmadığı halda öz smartfon istifadəçilərinin məlumatlarını, o cümlədən “IMEI” kodları, telefon nömrələri, kontakt və bildirişləri Çində yerləşən serverə göndərməsinə görə üzr istəyib, - "
DailyComm ” yazır.