Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə İSİ-nin 50 illiyinə həsr olunmuş yubiley sessiyası keçiriləcək


2015-ci ilin may ayında  Bakı şəhərində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İdarəetmə Sistemləri İnstitutunun (İSİ) 50 illiyinə həsr olunmuş yubiley sessiyası keçiriləcək.

Tədbirin təşkilatçıları Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, (RYTN)  Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İdarəetmə Sistemləri İnstitutudur. Tədbir İSİ-də (AMEA-nın İdarəetmə Sistemləri İnstitutu, AZ 1141, Bakı ş., B.Vahabzadə küç.9.) baş tutacaq.
 
 
Qeyd edək ki, institutun yaranma tarixini Azərbaycan Elmlər Akademiyasındakı Neft ekspedisiyası nəzdində 1952-ci ilin mayında еlektromodelləşdirmə laboratoriyasının təşkil olunduğu vaxtdan hesablamaq olar. Neft ekspedisiyasının yenidən təşkili ilə əlaqədar olaraq laboratoriya 1956-cı ildə Elmlər Akademiyasının Fizika və Riyaziyyat, 1958-ci ildə isə Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun tərkibinə daxil edilmiş və Hesablama Mərkəzi adlandırılıb. 50-ci illərin sonunda respublikaya universal rəqəmli hesablama maşınlarının gətirilməsi hesablama üsulları və proqramlaşdırma sahələrində tədqiqatların aparılmasına təkan verib, bu da öz növbəsində 1960-cı ildə Hesablama Mərkəzinin Elmlər Akademiyasının tərkibində müstəqil təşkilata çevrilməsinə əsas yaradıb.
 
 Həmin il Hesablama Mərkəzinin tərkibində keçmiş ittifaq miqyasında ikinci olaraq (Ukraynadan sonra) "Elektron hesablama maşınları" laboratoriyası yaradılıb.
 
Bu laboratoriya ölkəmizdə kibernetikanın və informatikanın inkişafına həlledici təsir göstərib. 1965-ci ildə Hesablama Mərkəzi əsasında Kibernetika İnstitutu yaradılıb. 2014-cü ildə Nazirlər Kabinetinin qərarı ilə institutun adı İdarəetmə Sistemləri İnstitutu olaraq dəyişdirilib.
 
 
Həqiqət İSABALAYEVA




08/01/15    Çap et