Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“İnformasiya təhlükəsizliyinin multidistiplinar problemləri” mövzusunda respublika elmi-praktiki konfransı keçiriləcək
AMEA Rəyasət Heyətinin qərarı ilə 2015-ci ildə akademiyada keçiriləcək beynəlxalq və respublika səviyyəli elmi tədbirlər planı təsdiq olunub.
Planda 2015-ci il üçün AMEA-da 9 beynəlxalq və 25 respublika səviyyəli tədbirin keçirilməsi nəzərdə tutulur. Bu tədbirlərdən biri də “İnformasiya təhlükəsizliyinin multidistiplinar problemləri” mövzusunda respublika elmi-praktiki konfransıdır. Konfrans AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun (Az 1141, Bakı ş., B.Vahabzadə küç., 9.) təşkilatçılığı ilə cari ilin 17-18 may tarixlərində Bakı şəhərində keçiriləcək.
Elmi-praktik konfrans 17 may - İnformasiya cəmiyyəti gününə həsr olunur. Artıq ənənə halını alan bu tədbirdə dövlət qurumları, qeyri-hökumət təşkilatlarının nümayəndələri, o cümlədən İT mütəxəssisləri, bu sahədə çalışanların iştirakı gözlənilir.
Konfrans informasiya təhlükəsizliyi problemləri istiqamətində bilik və təcrübə mübadiləsinin aparılması, bu sahədə beynəlxalq aləmdə aparılan elmi tədqiqatlarla tanışlıq və Azərbaycan alimlərinin diqqətini bu sahəyə yönəltmək baxımından mühüm əhəmiyyətə malikdir.
Cari ildə respublika
səviyyəli elmi tədbirlərə daxil edilən bu konfransda da informasiya təhlükəsizliyinin multidistiplinar problemlərinin müzakirə edilməsi, əldə olunan nəticələrin ölkə ictimaiyyətinə çatdırılması nəzərdə tutulur.
Həqiqət İSABALAYEVA
08/01/15 Çap et