Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İnnovativ sahibkarlığın inkişafına dəstək məqsədi daşıyan “Yeni Fikir 2015” Müsabiqəsinə onlayn qeydiyyat yanvarın 25-də başa çatacaq
“Yeni Fikir 2015” Müsabiqəsinə ”(YFM) layihələrin onlayn qeydiyyatı davam edir. İnnovativ sahibkarlığın inkişafına dəstək vermək məqsədilə həyata keçirilən müsabiqəyə layihələrin qeydiyyatı 25 yanvar 2015-ci il tarixinə kimi davam edəcək.
Müsabiqə “QUTechnopark”-da yüksək texnologiyaların inkişafı üçün önəmli olan ekosistemin formalaşdırılmasına zəmin hazırlamaq; ölkənin dayanıqlı sosial-iqtisadi inkişafına dəstək vermək; İKT-nin inkişafına dəstək vermək; təşəbbüskar gənclərə öz şirkətlərini qurmaqda dəstək vermək; təşəbbüskar yanaşmanı inkişaf etdirmək məqsədi daşıyır. Ümumilikdə müsabiqə texnologiya sahəsində innovativ fikirlərin ortaya çıxarılmasına töhfə vermək məqsədilə təşkil olunur. Bu sahələrə başlanğıc (start up) ideyası, mobil proqramlar, internet, proqram təminatı, oyunlar, xidməti proqramlar (software as a service), korporativ proqram təminatı, yeni biznes modeli, xidmətlər, robot texnikası, informasiya texnologiyaları və istehlakçı elektronikası, səhiyyə (sağlamlıq) üçün informasiya texnologiyaları və s. daxildir.
Ölkənin və regionun inkişafında rol oynaya biləcək, beynəlxalq rəqabətə dayanıqlı şirkətlərin formalaşdırılması; təşəbbüskar düşüncənin inkişaf etdirilməsi, məhsulunu pula çevirə biləcək iş fikirlərinin şirkətləşməsini təmin etmək hədəf olaraq qarşıya qoyulub.
Təşkilat Komitəsindən qeyd edilib ki, qiymətləndirmə prosesində innovasiya və texnoloji yenilik (fikrin, ideyanın texnoloji-innovativ xüsusiyyətləri, faydaları və texnoloji baxımdan yeni və üstün cəhətləri); strategiya, bazar və rəqabət (məhsul və xidmətin alıcıları, alma səbəbləri, hədəf bazarın xüsusiyyətləri, böyüklüyü və inkişaf potensialı, rəqibləri, qiymətləndirmə siyasəti); komanda çalışması - idarəetmə (qrupun bacarıq və təcrübələri, hər bir üzvün layihə içərisindəki rolu, layihə ilə əlaqəli hər cür əməkdaş çatışmazlıqları və bunların necə aradan qaldırılacağı); təqdimatın keyfiyyəti (müsabiqə finala irəlilədikcə münsiflər daha çox təqdimatın keyfiyyətinə diqqət yetirəcəklər, aydın və yığcam, yazılı və şifahi); biznes plan əsas götürüləcək.
Qeyd edək ki, Qafqaz Universiteti Texnoparkı (QUTechnopark), İnformasiya Kommunikasiya Texnologiyaları Elmi Tədqiqat Mərkəzi (İKTETM), Qafqaz Universitetinin Sahibkarlığın İnkişafi və Tədqiqatları Mərkəzi, İEEE Azərbaycan şöbəsinin təşkilatçılığı ilə reallaşan layihə ildə bir dəfə keçirilir.
Həqiqət İSABALAYEVA
09/01/15 Çap et