Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Gartner”: 2015-ci ildə kompüter qurğularının tədarükü 4 faiz artacaq
"Gartner" tədqiqat şirkətinin proqnozuna görə, 2015-ci ildə fərdi kompüter (FK), planşet, noutbuk və mobil telefonların qlobal tədarükü illik hesablama üzrə 3,9 faiz yüksələrək 2,47 milyard dollara çatacaq. 2015-ci ildə masaüstü və noutbuk seqmentinin həcmi ötənilki 279 milyondan 259 milyonadək azalacaq.
"ICTnews" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, mütəxəssislərin proqnozuna görə, 2015-ci ildə dünyada təxminən 233 milyon planşet kompüteri satılacaq ki, bu da ötən illə müqayisədə 8 faiz daha çoxdur. 2016-cı ildə bu göstərici 259 milyona çatacaq.
"Gartner"in tədqiqatlar üzrə direktoru Rancit Atval bildirib ki, 2014-cü ildə planşet bazarının azalması narahatlıq doğurur. Əvvəlki iki il ikirəqəmli templə artan qlobal satış həcminin azalması bir neçə amillə izah olunur.
Birincisi, planşetlərin istismar müddətidir. Belə ki, yeni qurğunun satın alınması əvəzinə işlənmiş planşet çox vaxt ailənin başqa üzvlərinə verilir. Analitik bildirir ki, bundan başqa, texniki innovasiyaların yoxluğu və proqram yeniləmələrinin buraxılışı nəticəsində köhnə cihazlar aktual funksionallığını saxlayır.
"Gartner"in hesabatına əsasən, mobil telefonların buraxılışı 3,7 faiz artaraq 1,9 milyarda çatacaq. 2016-cı ildə bu göstərici 2 milyarda yaxınlaşacaq.
"Smartfon bazarı bahalı və ucuz aparatların arasında dəyişir – "Gartner"in tədqiqatlar üzrə direktoru Annet Zimmerman şərh edib. – 2014-cü ildə orta satış qiyməti 447 dollar olan bahalı telefonlar sektorunda satışların həcmi əsasən "iOS" mobil platforması sayəsində artıb. Ucuz telefon seqmentində "Android" və başqa açıq əməliyyat sistemləri ilə işləyən qurğular liderlik edir. Bu halda orta səviyyəli smartfon bazarının inkişaf imkanları daha da məhdudlaşır".
2014-cü ildə tədarük edilmiş "Android" smartfonlarının sayı 1 milyardı ötüb. Ekspertlər cari ildə bu smartfonların tədarükünün 26 faiz artacağını gözləyirlər.
Emil Hüseynov
12/01/15 Çap et