Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Gartner” 2015-ci il üçün dünya İT sahəsi üzrə proqnozu azaldıb


“Gartner” analitik şirkəti 2015-ci il üçün dünya informasiya texnologiyaları (İT) sahəsi üzrə proqnozu azaldaraq bunu ABŞ valyutasının güclənməsi ilə izah edib.

Analitiklərin proqnozlarına görə, cari ildə qlobal İT xərcləri 3,8 milyard dollara çatacaq ki, bu da bir il əvvəldən 2,4 faiz çoxdur. Bundan əvvəlki proqnozda 3,9 faizlik artım gözlənilib. Mütəxəssislər İT bazarı üzrə qiymətləndirməni dünya valyuta bazarlarında dolların məzənnəsinin artması və qurğuların, İT, telekommunikasiya servislərinin satışının artması ilə əlaqədar azaldıblar.

2015-ci ildə “Gartner” əməkdaşları kompüter qurğularının (fərdi kompüter, noutbuk, planşet, mobil telefon və printerlər) satış həcminin 733 milyard dollar səviyyəsində olacağını proqnozlaşdırırlar ki, bu da bir il əvvəlki göstəricini 5,1 faiz üstələyir. Analitiklərin əvvəlki proqnozu 6,4 faiz olub.

Həmçinin bu il korporativ proqram təminatının satış dövriyyəsinin 5,5 faiz - 335 milyard dollaradək artacağı gözlənilir. Mütəxəssislər “bulud” texnologiyalı xidmətlər və ənənəvi proqram təminatı tədarükçüləri arasında rəqabətin artacağını gözləyirlər ki, bu da qiymətlərin davam edən azalması və istehsalçıların birləşməsi ilə əlaqədardır.

“Gartner” 2015-ci ildə İT xidmətləri bazarında xərclərin 2,5 faiz artacağını (981 milyard dollaradək) proqnozlaşdırır, halbuki əvvəllər 4,1 faizlik artım gözlənilib. İT sahəsinin bu seqmentində yenidən qiymətləndirmə qlobal proqram təminatının dəstəklənməsi üzrə şöbələrin azalması ilə izah edilir. Bundan başqa, analitiklər Rusiya və Braziliyada İT xidmətlərinə xərclər üzrə proqnozu bu ölkələrdə iqtisadiyyatın qeyri-müəyyənliyi ilə əlaqədar aşağı salıblar.

Bundan əlavə, qeyd olunur ki, ən böyük İT seqmenti telekommunikasiya servisləri olaraq qalır. Bu il servislərə xərclərin 0,7 faiz artaraq 1,64 trilyon dollara çatacağı gözlənilir. “Gartner”in versiyasına görə, ən kiçik seqment məlumat mərkəzləridir. Dünya şirkətlərinin bu seqmentə 143 milyard dollar xərcləyəcəyi gözlənilir ki, bu da 2014-cü ildən 1,8 faiz yüksəkdir, - "DailyComm” yazır.




13/01/15    Çap et