Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“General Motors” şirkəti “Google” ilə birgə sürücüsüz avtomobillər yaratmağa hazırdır


ABŞ-ın “General Motors” şirkəti sürücüsüz avtomobillərin yaradılması üzrə “Google” korporasiyası ilə əməkdaşlığa hazırdır. Hər il Şimali Amerika Beynəlxalq Avtomobil sərgisində iştirak edən “General Motors”un texnologiya bölməsinin rəhbəri Con Lokner belə fikir səsləndirib.

O deyib ki, ABŞ-ın ən böyük avtomobil istehsalçısı bu məsələnin müzakirəsinə hazırdır. Gözləntilərə görə, çərşənbə günü bu forumda “Google”un sürücüsüz nəqliyyat vasitələrinin yaradılması üzrə texnologiyaların inkişafı ilə məşğul olan bölməsinin rəhbəri Kris Urmson çıxış edəcək. Medianın məlumatına görə, o, “Google”un avtomobil şirkətləri ilə əməkdaşlığa başlamaq planını elan edəcək.


"ICTnews" elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, hər kəsə məlumdur ki, “Google” uzun müddətdir sürücüsüz hərəkət etməyə qadir nəqliyyat vasitələrinin istehsalı üçün lazım olan texnologiyaların inkişafı ilə məşğul olur. 2012-ci ildə internet şirkətinin nümayəndələri bildiriblər ki,  yaradılmış sürücüsüz avtomobillər sınaqlar zamanı 500 min kilometrdən çox məsafə qət edib. 2014-cü ildə “Google” kompüter tərəfindən idarə olunan sükansız, pedalsız və əyləcsiz maşın prototipini təqdim edib.

“General Motors” artıq forumda öz yeni “Chevrolet Bolt” elektrik avtomobilini nümayiş etdirib. Şirkətin direktoru Meri Barra deyib ki, bu maşın 320 km-dən çox məsafə qət edə bilər.

Emil Hüseynov
 
 




13/01/15    Çap et