Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda ötən il ərzində 1558 sanksiyalaşdırılmamış insidentin qarşısı alınıb


Azərbaycan Xüsusi Dövlət Mühafizə Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi  Dövlət Agentliyinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin statistikasına əsasən, ölkədə ötən il ərzində 1582 sanksiyalaşdırılmamış insident qeydə alınıb.

 
"ICTnews" xəbər xidmətinin "www.cert.gov.az" saytına istinadən verdiyi məlumata görə,
qeyd edilən insidentlərin 1558-nin qarşısı alınıb. Ötən il insidentlərin pik həddə çatması may ayında müşahidə olunub və bu mərhələdə ölkədə fəaliyyət göstərən dövlət qurumlarının resursları ilə bağlı 275  sanksiyalaşdırılmamış insident qeydə alınıb. Bu sahədə nisbi sakitlik isə avqust ayında müşahidə olunub və ay ərzində cəmi 124 sanksiyalaşdırılmamış insident qeydə alınıb.

Avqust ayından etibarən insidentlərin sayında stabil azalma müşahidə olunub və dekabr ayında insidentlərlə bağlı açılmış sorğuların sayı 8,7 faiz azalaraq 136-ya çatıb, bağlanmış sorğuların sayı isə 123 olub.
 
Mərkəz tərəfindən Azərbaycanın müvafiq qurumlarına 2013-cü il ərzində 141 audit raportu göndərilibsə, 2014-cü ildə həyata keçirilmiş auditlərin sayı üç dəfədən çox artıb və dövlət qurumlarına ümumilikdə 437 audit raportu göndərilib. Ötən il ərzində dövlət qurumlarına ən çox sayda audit raportu avqust ayında göndərilib. Bundan sonra isə göndərilən raportların sayı üç dəfəyə yaxın kəskin azalıb və stabil azalaraq dekabr ayında cəmi 15 audit raportu təşkil edib.

Ötən il ərzində 2013-cü illə müqayisədə qeydə alınmış domenlərin sayı 74 faiz azalaraq 38 yeni domen təşkil edib, subdomenlərin sayı isə hesabat dövründə əksinə 10 artaraq 71 domen təşkil edib.

Aynur Vəliyeva
 





13/01/15    Çap et