Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Bakıda "E-government 3.0 - Açıq hökumət, açıq məlumatlar, açıq servislər" mövzusunda təqdimat keçiriləcək
Sabah Bakıda Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən "E-government 3.0 - Açıq hökumət, açıq məlumatlar, açıq servislər” mövzusunda “www.data.gov.az” - Açıq Hökumət Məlumatları portalının təqdimatı keçiriləcək.
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, açıq məlumatlar Elektron hökumət quruculuğunda yeni bir inkişaf mərhələsidir. “www.data.gov.az” portalı vasitəsi ilə vətəndaşlar və biznes strukturları dövlət orqanları tərəfindən yaradılan və açıq elan edilən məlumat bazalarını asanlıqla tapa, fərdi yönümlü xidmətlərin hazırlanması üçün istifadə edə biləcəklər.
“Elektron hökumət” portalının tərkib hissəsi olmaqla “www.data.gov.az” portalı dövlət orqanlarının məlumatlar toplusunu, o cümlədən məlumatlar toplusuna və əlavə vasitələrə giriş tapmaq üçün informasiyanı özündə əks etdirir. Mövcud qanunvericiliyə uyğun olaraq təqdim olunan açıq məlumatlar müntəzəm olaraq yenilənəcək və təkmilləşdiriləcək.
“www.data.gov.az” portalının əsas məqsədi məlumatların istifadəsi və onların əsasında veb və mobil əlavələrin yaradılması vasitəsilə cəmiyyətə dövlətin idarə edilməsində iştirak etmək imkanının yaradılmasıdır və portalının müvəffəqiyyəti əhalinin və biznes strukturlarının nə dərəcədə portal və məlumatlarla işləməsinə cəlb olunmasından asılıdır. Eyni zamanda açıq dövlət məlumatlarına rahat giriş imkanı, əlavə dəyərin yaradılması, innovativ ideyaların stimullaşdırılması, təhlil və tədqiqatların asanlaşdırılması, hökumət işinin şəffaflığı və dövlət orqanlarının effektliyinin və səmərəliliyinin artırılması məqsəd kimi qarşıya qoyulub.
İstifadəçilərin rəyi nəzərə alınmaqla “www.data.gov.az” portalının daima təkmilləşdirilməsi nəzərdə tutulur və bunun üçün "Elektron hökumət” portalında yaradılmış "Əks əlaqə”, "E-gov Fikr bankı” bölmələrindən istifadə olunacaq.
Bununla yanaşı, tədbirdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi “data.gov.az” portalının Açıq Məlumatlarından istifadə etməklə "Bax, istifadə et və yarat" adlı mobil əlavələrin hazırlanması müsabiqəsini elan edəcək. İKT mütəxəssisləri, “start-up”-çılar, tələbələr və s. üçün nəzərdə tutulan aprel ayının 15-nə qədər davam edəcək bu müsabiqəyə qatılmaq üçün Açıq Məlumatlardan istifadə edərək ictimai əhəmiyyətli mobil proqramlar yaradıb müsabiqəyə təqdim etmək lazımdır. Müsabiqənin şərtləri barədə əlavə məlumat veriləcək.
Aynur Vəliyeva
13/01/15 Çap et