Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Fərdi kompüter bazarının həcmi üç il ardıcıl azalır
Hərçənd ötən ilin dördüncü rübündə qlobal kompüter bazarında mənfi dinamika qeydə alınıb, amma nəticə analitiklərin gözləntilərindən iki dəfə daha yaxşı olub. Ucuz noutbuklar buna imkan yaradıb.
“International Data Corporation” (IDC) tədqiqat şirkəti tərəfindən tərtib edilən “Worldwide Quarterly PC Tracker” müntəzəm hesabatına əsasən, 2014-cü ilin oktyabr-dekabrında istehsalçılar dünyada 80,8 milyon fərdi kompüter (FK) satıblar ki, bu da ötən illə müqayisədə 2,4 faiz azdır. Ekspertlər 4,8 faiz səviyyəsində eniş proqnozlaşdırıblar.
"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, artıq üçüncü il ardıcıl FK-nın tədarükü azalır. 2014-cü ildə kompüterlərin tədarük həcmi illik hesablama üzrə 2,1 faiz azalaraq 308,6 milyon təşkil edib.
Analitiklər bildirib ki, ABŞ və Avropada kompüterlərə tələbat başqa bazarlarla müqayisədə daha yüksəkdir, ancaq bu iki inkişaf etmiş regionda artım tempinin ləngiməsi müşahidə olunur. Asiya-Sakit okean regionu (Yaponiya istisnadır) əvvəlki kimi bəzi dövlət layihələri və istehlakçı tələbatının yaxşılaşması sayəsində möhkəmlənir.
Ən böyük FK istehsalçıları reytinqində “HP”-nin sıçrayışına diqqət yetirmək lazımdır. 2014-cü ilin dördüncü rübündə tədarükünü 15 faiz artırmış bu şirkət bazar payının 16.7-dən 19.7 faizədək artımına nail olub. Nəticədə “HP” lider – “Lenovo” şirkətinə çox yaxınlaşıb, sonuncu ötən rüb kompüter buraxılışını 4.9 faiz, bazar payını isə 19.9 faizədək artırıb.
13.5 faiz göstəriciyə malik “Dell” şirkəti sözügedən siyahıda üçüncü pilləni tutur. “Acer” (7.7 faiz) və “Apple” (7.1 faiz) şirkətləri müvafiq olaraq dördüncü və beşinci pillələri tutublar.
Emil Hüseynov
13/01/15 Çap et