Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2014-cü ildə dünyada internetə qoşulmanın orta sürəti 25 faiz artıb


“Akamai Technologies” şirkəti dünyanın müxtəlif ölkələrində internetə çıxış sürəti üzrə nəticələrini elan edib. Uzun illər liderliyini qoruyub saxlayan Cənubi Koreya yenidən birinci pilləni tutub.

2014-cü ilin üçüncü rübü üzrə mütəxəssislərin qiymətləndirməsinə görə, planetdə internetə qoşulmanın orta sürəti təxminən 4,5 Mbit/s təşkil edib ki, bu da ötən illə müqayisədə 25 faiz daha yüksəkdir. Cənubi Koreyada bu göstərici illik hesablama üzrə 14 faiz artaraq 25,3 Mbit/s təşkil edib.

İnternetə qoşulmanın orta sürəti üzrə ikinci pilləni 16,3 Mbit/s göstəriciyə malik Honkonq tutub ki, bu da ötənilki göstəricini 29 faiz ötür. İlk onluqda, həmçinin Yaponiya (15 Mbit/s), İsveçrə (14,5 Mbit/s), İsveç (14,1 Mbit/s), Niderland (14.0 Mbit/s), İrlandiya (13.9 Mbit/s), Latviya (13.4 Mbit/s), Çexiya (12.3 Mbit/s) və Sinqapur (12.2 Mbit/s) yer alıb.

Qlobal şəbəkəyə çıxışın maksimal sürəti 24,8 Mbit/s qiymətləndirilir. Honkonq (84,6 Mbit/s), Sinqapur (83 Mbit/s) və Cənubi Koreya (74,2 Mbit/s) ən yüksək nəticə göstərib.

Mobil şəbəkələrə qoşulmanın orta sürəti üzrə lider Cənubi Koreya (18.2 Mbit/s) olub. Bu kateqoriya üzrə Afrikada Misir (2.8 Mbit/s), Avropada Slovakiya (10.9 Mbit/s), Şimali Amerikada Kanada (7.9 Mbit/s) və Cənubi Amerikada Venesuela (6.0 Mbit/s) ən yüksək nəticə göstəriblər. Ən aşağı göstərici İranda (0.9 Mbit/s) qeydə alınıb.

Mobil şəbəkələrə qoşulmanın maksimal sürəti üzrə Sinqapur (98.0 Mbit/s) lider olub. Bu kateqoriya üzrə Afrikada Misir (16.3 Mbit/s), Avropada Türkiyə (59.5 Mbit/s), Şimali Amerikada Kanada (28.7 Mbit/s) və Cənubi Amerikada Venesuela (27.1 Mbit/s) ən yüksək nəticə göstəriblər.

Emil Hüseynov
 
 
 
 




14/01/15    Çap et