Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Elmi kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi əsas tutularaq, daha bir müəssisədə kompüterləşdirmə işləri həyata keçirilib
Elmi kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi əsas tutularaq, daha bir müəssisədə kompüterləşdirmə işləri həyata keçirilib.
Belə ki, AMEA prezidenti, akademik Akif Əlizadənin noyabr ayında AMEA Xarici dillər kafedrasının professor-müəllim heyəti ilə görüşü zamanı alimlərimizin dünyada baş verən son elmi yeniliklərdən bəhrələnməsi, beynəlxalq konfranslarda layiqli təmsil olunması, yüksək istinad indeksli beynəlxalq jurnallarda məqalələrinin nəşri, beynəlxalq elmi əməkdaşlıq münasibətlərinin qurulması üçün xarici dil biliklərinin vacib olduğu qeyd edilib.
Bunun üçün kafedranın fəaliyyətinin təkmilləşdirilməsi, imtahan və tədris prosesinin müasir standartlara uyğunlaşdırılması, auditoriyaların İKT vasitələri ilə təmin edilməsi, müəllimlərin əməyinin stimullaşdırılması ilə bağlı tapşırıqlar verilib.
Hazırda AMEA Xarici dillər kafedrasında müasir texnologiyaların tətbiqi istiqamətində bir sıra tədbirlər görülür. Kafedranın maddi-texniki bazasının gücləndirilməsi, tədrisin təşkilinin təkmilləşdirilməsi, mövcud tədris vəsaitlərinin rəqəmsallaşdırılaraq distant tədris resurslarına çevrilməsi, bilik və vərdişlərin test üsulu və interaktiv texnologiyalar vasitəsilə qiymətləndirilməsi məqsədilə kafedranın əməkdaşları müasir kompüter texnikası vasitələri ilə təmin edilmiş, kafedranın lokal kompüter şəbəkəsi “AzScienceNet” Elm Kompüter Şəbəkəsinə qoşulub.
Akademiyadan bildirilib ki, kafedrada, eyni zamanda tədrisin keyfiyyətinin yüksəldilməsi və şəffaflığın təmin olunması məqsədilə video-nəzarət sistemi də quraşdırılıb. Bu da tədrisin müasir standartlara uyğun həyata keçirilməsinə imkan verəcək.
Həqiqət İSABALAYEVA
15/01/15 Çap et