Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda kreditlərin verilməsi ilə bağlı elektron arayışlardan istifadə sayı artıb



Azərbaycanda banklar tərəfindən kreditlərin verilməsi üçün istifadə edilən elektron arayış xidmətindən faydalananların sayı sürətlə artmaqdadır.
 
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzindən verilən məlumata görə, elektron arayışların sayı 2014-cü ilin dekabr ayı ərzində 25612 olub. Bu da noyabr ayına nisbətən 10317 ədəd (67%) çoxdur. E-arayışların sayı sentyabr ayında 2915, oktyabrda isə 10384 ədəd təşkil edib.
 
“Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi” elektron xidmətindən hazırda “Bank of Baku”, “Unibank” ASC, “Accessbank”, “Bakı Ticarət Bankı”, “Muganbank” ASC, “Bank Respublika” ASC, “AGBank” ASC, “Rabitəbank” ASC və “Azərbaycan Beynəlxalq Bankı” ASC faydalanmaqdadır.
 
Qeyd edək ki, “Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi” xidməti vətəndaşlardan ən çox tələb olunan arayışların asanlıqla elektron şəkildə əldə edilməsi məqsədi ilə yaradılıb. Banklara müraciət edən zaman vətəndaş bu xidmətdən istifadə edərək banka getmədən onlayn rejimdə “Elektron hökumət” portalına daxil olub, kredit almaq və digər məsələlər üçün özünə aid fərdi məlumatlar üzrə elektron arayışı banka təqdim etmək imkanını əldə edir.
 
CAHANGİR




15/01/15    Çap et