Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Nar Mobile” Naxçıvanda yeni məhsulunu tətbiq etməyə başladı


Yanvarın 14-də Azərbaycanın ən sürətlə inkişaf edən mobil operatoru – “Nar Mobile” tərəfdaşı olan BBTV ilə birgə Naxçıvan Muxtar Respublikasının paytaxtında “Nar Home” adlanan yeni məhsulunun rəsmi təqdimat mərasimini keçirib. Təqdimetmə mərasimində Naxçıvan MR rabitə və yeni texnologiyalar naziri Rövşən Məmmədov və muxtar respublikanın digər yüksəkrütbəli rəsmi şəxsləri iştirak ediblər.
 
Öz çıxışında nazir bildirib ki, Azərbaycan Nazirlər Kabinetinin qərarına uyğun olaraq, Naxçıvan MR-nın yaşayış məntəqələrinin rəqəmsal teleyayım standartına keçməsi ilə bağlı işlər uğurla başa çatdırılıb və 2014-cü ilin dekabr ayından analoq TV-nin yayımı dayandırılıb. Beləliklə, 2014-cü ilin sonundan başlayaraq, Naxçıvan əhalisi rəqəmsal efir yayımına çıxış əldə edib.
 
BBTV-nin baş direktoru Oleq Popov “Nar Home” məhsulunun əsas cəhətləri və onun “Nar” abunəçiləri üçün üstünlüklərindən danışaraq bildirib ki, “BBTV Azərbaycanda kommersiya TV xidmətləri göstərən ilk şirkət oldu və mən analoq yayımla müqayisədə dəfələrlə yaxşı olan, yayımın keyfiyyəti və sabitliyini təmin edən rəqəmsal efir yayımı kimi növbəti yeniliyi təqdim etməkdən məmnunam”. Cənab Popov həmçinin “Nar Home” xidmətlərinin gələcəyi ilə bağlı fikirlərini də  bölüşüb. O əlavə edib ki, rəqəmsal xidmətlərə keçid dünyanın bir çox ölkəsində artıq baş verib və növbə artıq Naxçıvanındır. Burada, bu gündən etibarən 67 TV kanalı, o cümlədən HD formatında kanallar yayımlanacaq. “Biz 2015-ci ildə Naxçıvan Muxtar Respublikasının əksər yaşayış məntəqələrini rəqəmsal xidmətlərlə əhatə etməyi planlaşdırırıq”, - deyə cənab Popov qeyd  edib.
 
Qonaqları salamlayan “Azerfon” MMC-nin (“Nar Mobile” brendi) baş direktoru Kent Maknili Azərbaycanın iqtisadi inkişafının yüksək templərini və hökumətin İKT sektoruna göstərdiyi xüsusi diqqəti qeyd edib. O bildirib ki, İKT sahəsində hökumətin qarşısında duran vəzifələr Azərbaycan əhalisinə bir çox mütərəqqi və yüksəkkeyfiyyətli telekommunikasiya xidmətlərini münasib qiymətlərlə təmin edən “Azerfon” MMC-nin strategiyası və məhsullarında tam əks olunub.
 
             1/2
 
 
“Nar Home” istehlakçının istifadə etdiyi müxtəlif cihazlarda (televizor, planşet və ya smartfonlar) media və əyləncə xidmətlərindən vahid istifadə imkanlarını yaradan unikal konsepsiyadır.  Azərbaycanda analoqu olmayan bu konsepsiya genişzolaqlı İnternetə çıxışı təmin edən texnologiyaya əsaslanır.
 
DVB-T2 texnologiyası əsasında rəqəmsal efir yayımının Naxçıvan MR-də başlanması “Nar Home” konsepsiyasının reallaşdırılmasında ilk mərhələdir. Bu texnologiya rəqəmsal efir yayımında xidmətlərin göstərilməsi sahəsində ən son texnoloji nailiyyətdir və Cənubi Qafqaz regionunda ilk dəfədir ki, tətbiq edilir və istifadə olunur.
 
 





15/01/15    Çap et