Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Məşhur sosial şəbəkə şirkətdaxili əməkdaşların söhbətləri üçün servis yaradacaq
"Facebook" şirkətlərə əməkdaşları üçün şəxsi korporativ şəbəkələr yaratmağa imkan verən "Facebook at Work" servisini testdən keçirir.
"ICTnews" xəbər xidmətinin "Techcrunch"a istinadən verdiyi məlumata əsasən, xarici görünüşünə görə "Facebook at Work" demək olar ki, "Facebook"un əsas servisi kimi görünür və analoji funksiyalar təqdim edir.
"Facebook at Work"a qoşulan şirkətlərin əməkdaşları korporativ sosial şəbəkədən əsas "Facebook" servisindəki akkauntlarından və ya xüsusi yaradılmış iş profilindən istifadə edə biləcəklər.
Servisin rəhbəri Lars Rasmussen, 2010–2011-ci illərdə "Google"da "Google Wave" adlanan oxşar korporativ servisi idarə edib. Servis məşhurlaşmadığından 2012-ci ildə bağlanıb.
Hazırda "Facebook at Work" az sayda şirkətlər tərəfindən test edilir. Şirkət məhsulun necə gəlir gətirəcəyi haqda məlumat vermir. "Facebook at Work" sosial şəbəkənin reklamını göstərmir.
Rasmussen bildirib ki, servis işçilərinin sayı 100 nəfərdən yuxarı olan təşkilatlar üçün daha uyğundur.
Bazarda daxili korporativ kommunikasiyalar üçün çox sayda proqramlar mövcuddur, bu, "Microsoft Yammer", "Slack", "Convo", "Socialcast", həmçinin Rusiyanın "Bitriks24", "Meqaplan", "Biznes üçün Mail.ru" kimi proqramlardır.
Onlar təkcə kommunikasiya seçimləri deyil, həmçinin layihələrin planlaşdırılması, müştərilər haqda məlumatların toplanması, mühasibat hesablamaları üçün alətlər təqdim edirlər.
Aynur Vəliyeva
15/01/15 Çap et