Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“İnformasiya texnologiyaları” və “İnformasiya cəmiyyəti” istiqamətləri üzrə aparılan elmi tədqiqat işləri davam etdirilir


AMEA İnformasiya Texnologiyaları İnstitutunda (İTİ) "İnformasiya texnologiyaları" və "İnformasiya cəmiyyəti" istiqamətləri üzrə müxtəlif aktual mövzularda aparılan elmi tədqiqat işləri davam etdirilir.

Sözügedən tədqiqatlar İTİ-nin 17 saylı şöbəsində 15 doktorant və dissertant tərəfindən həyata keçirilir.

İnstitutdan bildirilib ki, şöbənin 2015-ci il üçün fəaliyyət planı da artıq müzakirə edilib. Planı təqdim edən sektor müdiri Rasim Mahmudov bildirib ki, cari ilki elmi tədqiqat işlərinin nəticələri əsasında müxtəlif yerli və nüfuzlu beynəlxalq elmi konfranslara 40 tezisin təqdim edilməsi, respublika və beynəlxalq səviyyəli elmi jurnallarda 30 məqalənin nəşri planlaşdırılır:
 
 "Həmçinin qeyd olunan elmi tədqiqatlarla bağlı 12 elmi seminarın keçirilməsi, 3 əməkdaşın isə dissertasiya işinin müdafiəsi gözlənilir. Şöbənin fəaliyyət planında elmi-innovasiya istiqamətində də bir sıra tədbirlərin görülməsi nəzərdə tutulur. Burada üç mühüm dövlət planına elmi dəstəyin verilməsi üzrə işlərin davam etdirilməsi, Prezident yanında Elmin İnkişaf Fondu tərəfindən maliyyələşdirilən iki qrant layihəsinin icrası, ötən il təşkil edilən Viki-Mərkəzin fəaliyyətinin davam etdirilməsi kimi məsələlər öz əksini tapıb".
 
Həmçinin şöbə əməkdaşlarının elmi-pedaqoji fəaliyyət istiqamətinə uyğun olaraq, əvvəlki illərdə olduğu kimi, bu il də institutun Tədris-İnnovasiya Mərkəzində doktorant və dissertantlara, dövlət qulluqçularına, fərdi tələbələrə müxtəlif mövzularda nəzəri və praktiki biliklərin tədris olunması nəzərdə tutulur.
 
Cari ildə şöbədə beynəlxalq elmi əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, kadr potensialının gücləndirilməsi kimi mühüm vəzifələr qarşıya qoyulub. Müzakirələrdə iştirak edən İTİ-nin direktoru, akademik Rasim Əliquliyev rəhbərlik etdiyi 17 saylı şöbənin plan layihəsi ilə bağlı müəyyən irad və təkliflərini bildirib. İrad və təkliflər nəzərə alınmaqla, plan layihəsinin İTİ-nin Elmi Şurasının müzakirəsinə təqdim olunması qərara alınıb.
 
 
 
Həqiqət İSABALAYEVA




16/01/15    Çap et