Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2014-cü ilin ən çox satılan smartfonları bəlli olub


İsveçin portativ elektronika üçün çexol istehsalçısı “Krusell” ənənəvi ən çox satılan smartfon reytinqini dərc edib. Şirkət dekabr üzrə nəticələrini təqdim edib.
 
“Krusell” hər bir model üçün şirkətdən sifariş edilmiş aksessuarların sayı haqda məlumatlara əsasən hesablama aparır. Statistika dünyanın 70-dən çox ölkəsi üzrə toplanılır.
 
"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, 2014-cü ildə üçüncü rübün əvvəlində təqdim edilmiş “iPhone 6” ən populyar smartfon adlandırılıb.
 
“Sony Xperia Z2” modeli reytinqdə ikinci pilləni tutub. Bu aparat Braziliyada futbol üzrə dünya çempionatında yapon istehsalçısının reklam üzü olub ki, bu da “Xperia Z2” modelinə tələbatı artırıb.
“Sony” şirkətinin “Xperia Z1 Compact” qurğusu ötən ilin ən populyar smartfonları arasında üçüncü olub.
 
“Samsung Galaxy S5” qabaqcıl smartfonu siyahıda dördüncü pilləni tutub. “Sony”nin “Xperia Z3 Compact” və “Xperia Z3” modelləri növbəti pillələrdə qərarlaşıb.
 
“Apple iPhone 6 Plus” və “iPhone 5” smartfonları müvafiq olaraq reytinqdə 7 və 8-ci pillələri tutub.
 
Emil Hüseynov




17/01/15    Çap et