Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Nazir: “Yaxın zamanlarda ünvanlı sosial yardım almaq üçün müraciətlər elektronlaşdırılacaq”
"Yaxın zamanlarda ünvanlı sosial yardım almaq üçün müraciətlər elektronlaşdırılacaq". Bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov jurnalistlərə bildirib. Onun sözlərinə görə, yardım almaq istəyənlər info köşklər və ya elektron vasitələrlə müraciət edəcəklər və müraciət edən şəxslərin ünvanlı sosial yardım almaq üçün hüququ nazirlik tərəfindən avtomatlaşdırılmış qaydada araşdırılacaq. Nazir bildirib ki, bir ay müddətində onlara SMS-info vasitəsilə ünvanlı sosial yardımın təyin olunub-olunmadığı, əgər təyin olunubsa, məbləği, plastik kartlarını hansı bankdan alacaqları barədə məlumat göndəriləcək.
S. Müslümov bu prosesin 3-4 aya tam yekunlaşacağını qeyd edib.
Nazir əvvəlki illərdə haqqı olmayan şəxslərin də yardım almasından danışaraq bildirib ki, keçən il dekabrın 1-də 143 min ailəyə ünvanlı sosial yardım ödənilirdisə, bu il dekabrın 1-nə onların sayı 92 minə qədər enib.
“Ünvanlı sosial yardımlar artıq qanuni hüququ olanlara verilir. İl ərzində yoxlama həyata keçirilib. Çoxlu sayda nəqliyyat vasitəsi ola-ola ünvanlı sosial yardım alanlar var idi, çoxlu sayda böyük xərci, krediti olan şəxslər yardım alırdı. Yəni ünvanlı sosial yardıma hüququ olmadan yardım alırdılar. Yenidən müraciət zamanı onların hüququnun olmadığı bildirildi. Nəticədə yardım alanların sayı aşağı düşdü. Eyni zamanda, bir ailəyə ödənilən ünvanlı sosial yardımın məbləği 30 manat artaraq, 155 manata qalxdı. Bu proses davam edəcək”.
RƏVAN
21/01/15 Çap et