Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Google” simsiz rabitə xidməti göstərəcək
“Google” internet şirkəti ABŞ-ın “Sprint Corporation” telekommunikasiya şirkəti və Avropanın “T-Mobile” holdinq şirkəti ilə müvafiq razılaşma əldə etdikdən sonra planın icrasına başlayacaq.
“The Wall Street Journal” qəzetinin elektron versiyasında dərc edilmiş məqaləyə əsasən, ABŞ-ın “Google Inc.” korporasiyası simsiz rabitə xidmətini istifadəyə verməyə hazırlaşır.
"ICTnews" elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, nəşrin məlumatına görə, “Google” internet şirkəti ABŞ-ın “Sprint Corporation” telekommunikasiya şirkəti və Avropanın “T-Mobile” holdinq şirkəti ilə müvafiq razılaşma əldə etdikdən sonra planın icrasına başlayacaq.
Qəzet yazır ki, internet nəhənginin bu addımı çox güman ki, simsiz rabitə xidməti göstərən başqa şirkətləri qiymətləri azaltmağa və qoşulmanın keyfiyyətini yaxşılaşdırmağa məcbur edəcək.
Nəşrin mənbələri “Google”un öz yeni xidmətini nə vaxt və harada təqdim edəcəyini dəqiqləşdirməyib.
2012-ci ildən “Google” şirkəti “Google Fiber” brendi altında fiber-optik rabitə xətlərinin köməyi ilə genişzolaqlı internetə çıxış imkanı yaradır. İnternetin sürəti 1 Qbit/san-yə çatır. Layihə ilk öncə yalnız Missuri ştatının Kanzas-Siti şəhərində işə salınıb, ancaq şirkət bu layihəni genişləndirməyi planlaşdırır.
Emil Hüseynov
22/01/15 Çap et