Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

10 ən nəhəng satınalma “Google” şirkətinə 24.5 milyard dollara başa gəlib


Britaniyanın "Aptitude" şirkətinin statistikası "Google"un birləşmələr və satınalmalar (M&A) üzrə sazişlər bazarında aktivliyini göstərib. Hesablamalara görə, "Google" öz tarixində 10 ən böyük satınalmaya 24,5 milyarddan çox dollar xərcləyib.

"Google" 2011-ci ildə 12,5 milyard dollara "Motorola Mobility" smartfon istehsalçısını satın alıb, amma 3 il sonra onu 2,91 milyard dollara satıb. Zərərə baxmayaraq, axtarış nəhəngi çox vacib patentlərə sahibləndi.

İnternet nəhəngi 2014-cü ildə 3,2 milyard dollara enerjiyə qənaət edən termostat, tüstü və karbon qazı ötürücüsü istehsal edən "Nest Labs" firmasını satın alıb.

"DoubleClick" internet reklam nəhəngini "Google" 3,1 milyard dollara satın alıb. "Google" "DoubleClick" uğrunda mübarizədə "Microsoft"u qabaqlayıb.

2006-cı ildə "Google" 1,65 milyard dollara "YouTube" videohostinqini satın alıb. İndi "YouTube"un auditoriyası 1 milyarddır və aylıq 6 milyard saatlıq video izlənilir, həmçinin dəqiqədə 100 saatlıq məzmun yüklənir.

"Google" tərəfindən satın alınan İsralin "Waze" (966 milyon dollar) startapı mobil qurğular üçün eyni adlı kartoqrafiya xidmətini hazırlayır. Bu xidmətin köməyilə internet nəhəngi "Google Maps" xidmətinin auditoriyasını smartfon və planşet istifadəçiləri arasında artırıb.

2009-cu ilin noyabrında "AdMob"un 750 milyon dollara satın alınması "Google"un mobil istiqamətini gücləndirib və reklam imkanlarının "Android" platformasına inteqrasiyasına imkan verib. Həmçinin "Google" "iTA Software" (700 milyon dollar), "Postini (625 milyon dollar), "Dropcam" (555 milyon dollar) və "SkyBox Imaging" (500 milyon dollar) kimi şirkətləri satın alıb.

Emil Hüseynov
 
 
 
 




24/01/15    Çap et