Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Startup Azərbaycan 2015” başlanır
“Startup Azərbaycan” Təşkilat Komitəsinin təşkilatçılığı ilə "Startup Azərbaycan 2015" layihəsinə fevralın 1-dən start verilir.
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, I Avropa Oyunlarının iyun ayında keçiriləcəyini nəzərə alaraq ənənəvi "Startup Azərbaycan 2015" təqdimat mərasiminin və milli konfransının da may ayının sonunda keçirilməsi planlaşdırılır.
Layihə çərçivəsində milli startapların müsabiqəsinin, startapçılar üçün təlimlərin, universitetlərdə “Startap” görüşlərinin, “Startup Günləri”nin, investorlarla görüşlərin keçirilməsi nəzərdə tutulur.
Cari ildə xüsusi nominasiyalar üzrə startaplar da müsabiqəyə qəbul ediləcək. Belə ki, “SİNAM” şirkətinin məhsulu olan “GoMAP” layihəsi və “Elektron hökumət” portalı üzərində hazırlanacaq mobil tətbiqlər də müsabiqəyə qəbul ediləcək və onlar xüsusi mükafatlar qazanacaqlar.
“Startup Azərbaycan” layihəsinin əsas məqsədi milli “startuplar”ın üzə çıxarılması və inkişafına dəstək vermək, bu istiqamətdə maarifçilik işləri həyata keçirmək, ölkədə internet biznes mühitini yaxşılaşdırmaq və investorların bu sahəyə diqqətini artırmaq və innovativ ideyaların uğurlu biznes sahəsinə çevrilməsinə yardım etməkdir.
Aynur Vəliyeva
26/01/15 Çap et