Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

ABŞ və Hindistan arasında üç “ağıllı şəhər”in yaradılması barədə razılıq əldə olunub


ABŞ Hindistanda üç “ağıllı şəhər” layihəsini həyata keçirmək niyyətindədir. Bu barədə razılıq Hindistanın şəhər inkişafı, yaşayış tikintisi, yoxsulluğun ləğvi və parlament məsələləri üzrə naziri Venkayah Naydunun ABŞ-ın ticarət naziri Penni Pritsker ilə görüşündə əldə edilib.
 
Hindistan Şəhər İnkişafı Nazirliyinin (MOUD) məlumatına görə, tərəflər hər bir layihə üzrə Hindistanın mərkəzi və regional hakimiyyət, eləcə də ABŞ Ticarət və İnkişaf Agentliyi (USTDA) nümayəndələrinin daxil olacağı ayrıca işçi qrupu yaradacaq. Üç ay ərzində onlar konkret fəaliyyət planı hazırlayacaq, hər bir “ağıllı şəhər” üzrə ətraflı müzakirələr aparacaq, eləcə də investisiyaların cəlbi üçün layihələrin maliyyələşdirilmə sxemini müəyyən edəcəklər.
 
Layihələrin həyata keçirilməsi üçün üç şəhər - Vişakhapatanam (Hindistanın Andhra-Pradeş ştatında cənub-şərq sahilində ən əsas limanlarından biri), Allahabad (şimali Uttar-Pradeş ştatı) və Acmer (şimal-qərbi Pacasthan ştatı) seçilib.
 
Layihələrin hər iki tərəfin iştirakı ilə birlikdə maliyyələşdirilməsi ehtimal edilir.
 
Adətən “ağıllı şəhər” dedikdə, texniki həllər dəsti - videomüşahidə sistemləri, intellektual nəqliyyat sistemləri (yoldakı vəziyyətin, cari sərnişindaşımalarının və nəqliyyat axınının analizi), o cümlədən “ağıllı” işıqforlar başa düşülür. “Ağıllı” işıqforlar videomüşahidə kameraları vasitəsilə hərəkət edən nəqliyyat vasitələrinin sayını qeydə alır, onları tipi (yük, minik və s.) üzrə bölür və vahid mərkəzə ötürür. Bu məlumatlar əsasında işıqforların işinə düzəlişlər edilir. Bu və digər sistemlər adətən bir və ya bir neçə idarəetmə mərkəzində birləşir, - “TASS” yazır. 
 




28/01/15    Çap et