Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“YouTube”un əməkdaşları terrorizmlə əlaqəli bütün çarxları yoxlamağa vaxt çatdırmırlar


"Google" internet şirkətinin nümayəndəsi etiraf edib ki, "YouTube" videohostinqinin məzmununun böyük həcmi bütün ekstremist çarxların effektiv filtrasiyasına imkan vermir. Bu haqda "Google"un meneceri Veriti Xardinqin Avropa Parlamentindəki bəyanatına istinadən "Associated Press" yazıb.
 
Xardinq bildirib ki, hər dəqiqə "YouTube" videohostinqinə təxminən 300 saatlıq məzmun yüklənir. Bu, terrorizmlə bağlı çarxların axtarışını çətinləşdirir.
 
"ICTnews" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, Avropa İttifaqının terrorçuluğa qarşı qurumunun rəhbəri hesab edir ki, Avropa ölkələrindən ekspertlərin cəlb edilməsi yolu ilə internet şirkətlərinə ekstremist məzmunun yayılması riskini azaltmağa kömək etməyin vaxtı çatıb.
 
"Biz bu işdə şirkətə kömək etməli, neqativ məzmun haqda məlumat verməliyik. Hər bir dövlət xüsusi öyrədilmiş insanlardan ibarət quruma malik olmalıdır" – Cilles de Kerçove deyib.
 
Qeyd edək ki, "YouTube" istifadəçiləri saytın siyasətini pozan çarxlar haqda administratorlara məlumat verə bilərlər. Bundan sonra bu məlumat "Google"un əməkdaşları tərəfindən öyrənilir.

Emil Hüseynov
 
 




29/01/15    Çap et