Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Avropa İttifaqı aviasərnişinlərin kütləvi yoxlanışına başlayacaq


Avropa İttifaqı (Aİ) regiona hava yolu ilə gələn və onu tərk edən bütün sərnişinlər haqqında məlumatlar toplaya bilər. Bu məlumatlara reysin nömrəsi və tarixi, sərnişinin əyləşdiyi yerin nömrəsi, baqaj haqqında məlumat, ev ünvanı, mobil telefon, biletin ödəniş vasitələri, bank kartları və hətta sevimli yeməklər haqqında məlumatlar daxil olacaq.
 
Toplanılan məlumatların beş il müddətinə saxlanılması nəzərdə tutulur. Bu müddət ərzində onlardan hüquq-mühafizə orqanları istifadə edə biləcək.
 
2011-ci ildə hazırlanan müvafiq qanun layihəsi Avropa Komissiyasının saytında yerləşdirilib. Gələn həftə Strasburqda Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk layihəni müzakirəyə çıxaracaq.
 
Qeyd olunur ki, Böyük Britaniyada “Passenger Name Record, PNR” adlanan oxşar sistem artıq fəaliyyət göstərir. Həmçinin Aİ-nin 12 ölkəsində sistemin sınaqları keçirilir. Sınaqların məqsədi terror aktlarının və sistematik olmayan cinayətlərin qarşısının alınması və araşdırılmasından ibarətdir. Hazırda müxtəlif dövlətlərdə sistemlər bir-biri ilə əlaqəli işləmir, - “CNews” yazır.  




29/01/15    Çap et