Şimali Koreyada ilk yeni və yüksək texnologiyalar inkişaf zonası yaradılacaq
Koreya Xalq Demokratik Respublikasında (KXDR) ölkə parlamentinin qərarına əsasən ilk yeni və yüksək texnologiyalar inkişaf zonası yaradılacaq. Zona paytaxt yaxınlığında Elmi Parkın ərazisində 200 ha sahədə yerləşəcək.
Əməkdaşlar elektronika və informatika, yeni materiallar, biotexnologiya, elektromaşınqayırma, enerjiyə qənaətcil texnologiyalar, tibb və əczaçılıq, kənd təsərrüfatı və geologiya kimi sahələrlə məşğul olacaqlar. Həmçinin lazer və plazma qurğuların hazırlanması və buraxılışı nəzərdə tutulur.
Bundan başqa, texnoloji parkda elmtutumlu və yüksək texnologiyalı məhsulların ölkənin ümumi istehsal həcmində payının artırılması məqsədilə qabaqcıl istehsal bazasının tikintisi planlaşdırılır.
Bu prosesə böyük töhfəni Dövlət Elmlər Akademiyası və Kim İr Sen adına Universitetin nəzdində fəaliyyət göstərən nanotexnologiyalar institutları verir. Dövlət bu sahədə mütəxəssislərin hazırlanması üçün vəsaitlərin həcmini ildən-ilə artırır, böyük həvəslə onların tədqiqatlarını maliyyələşdirir. 2009-cu ildən KXDR-də Yüksək Texnologiyalar Məsələləri üzrə Assosiasiyanın xüsusi jurnalı dərc edilir.
Respublika xarici dövlətlərlə elmi və istehsal texnologiyalarının mübadiləsinin genişləndirilməsinə çalışır, lakin Koreya yarımadasında əlverişsiz siyasi vəziyyət, eləcə də BMT Təhlükəsizlik Şurası tərəfindən tətbiq edilən sanksiyalar ilə əlaqədar olaraq bu proses çox zəif gedir. Belə mürəkkəb vəziyyətdə KXDR ölkəni maraqlandıran texnologiyaları müstəqil şəkildə hazırlamalı olur, - “
TASS ” yazır.