Azərbaycanda "Elektron ipoteka portalı" istifadəyə verilir
Azərbaycan Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondu fevralın 2-dən etibarən "Elektron İpoteka Sistemi"nin davamı olan "Elektron ipoteka portalı"nı real vaxt rejimində əhalinin tam istifadəsinə verəcək.
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, bundan sonra ipoteka kreditindən yararlanmaq istəyən hər bir şəxs birbaşa olaraq internet vasitəsi ilə real vaxt rejimində (onlayn) portalın veb səhifəsinə “
http://www.e-ipoteka.az” daxil olub müvafiq qaydada ipoteka kreditinin alınması üçün müraciət etməlidir. Müraciət etmək üçün ilkin mərhələdə qeydiyyatdan keçərkən, hər bir şəxs özünə dair bütün zəruri məlumatları daxil edərək, ümumilikdə qiymətləndirilir.
Eyni zamanda ipoteka kreditindən yararlanmaq istəyən hər bir şəxs müvəkkil kredit təşkilatlarının ipoteka kreditləri üzrə təklif etdiyi şərtlərə diqqət yetirməli, onları təhlil etdikdən sonra, yekun olaraq müraciətini təsdiqləməlidir.
İpoteka kreditləri üzrə müraciətlərin real vaxt rejimində (onlayn), aparılması ipoteka kreditindən yararlanmaq istəyən hər bir şəxsə geniş imkanlar yaratmaqla yanaşı, əhalinin rahatlığının təmin olunmasına, vaxt itkisinin qarşısının alınmasına, ipoteka kreditləşməsi sahəsində şəffaflığının daha da artırılmasına və eləcə də Fondun nəzarət mexanizminin gücləndirilməsinə xidmət edəcək.
Aynur Vəliyeva