Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Yaxın gələcəkdə parollardan istifadəyə ehtiyac qalmayacaq
ABŞ-ın hazırladığı texnologiya sayəsində mobil qurğu və fərdi kompüterlər (FK) qeydiyyatlı istifadəçiləri onların davranış xüsusiyyətlərinə görə tanıya biləcək. Sözügedən sistemin tətbiqi hələ ki hərbi idarələrdə planlaşdırılır, daha sonra kommersiya bazarına çıxarılacaq.
ABŞ hərbi akademiyasında çalışan istehsalçılar hərbi qulluqçuların yeni identifikasiya sistemini yaradırlar ki, parol və biometrik eyniləşdirmə artıq keçmişdə qalacaq. Hökumət bu layihəyə milyonlarla dollar ayırıb. Konkret məbləğ bildirilməyib.
"ICTnews" elektron xəbər xidməti “cnews.ru” saytına istinadən bildirir ki, sözügedən layihə “cognitive fingerprint” adlanır və insanın mobil qurğu və ya FK-dən istifadə xüsusiyyətlərinə görə identifikasiyası üsullarına həsr edilib. Məsələn, klaviaturada çap etmə sürəti, “maus”un kursorunu dəyişmə sürəti və ya orfoqrafik səhvlərə yol vermə tezliyi.
Layihəyə həsr edilmiş sənədlərə əsasən, yeni texnologiya identifikasiya sistemləri bazarını dəyişdirə bilər.
"Siz texnologiya ilə qarşılıqlı əlaqədə olduqda, beyniniz informasiyanı fərdi şəkildə emal edir. Bu halda siz yalnız özünüzə məxsus "koqnitiv iz" qoymuş olursunuz" – sənədlərdə yazılıb.
"Bizim vəzifəmiz Müdafiə Nazirliyinin standart avadanlığında istifadəsi mümkün olan yeni nəsil identifikasiya sistemi yaratmaqdır" – müəlliflər bildirib.
Belə texnologiyalar hazırda kommersiya yönümlü proqram təminatında (məsələn, plagiatlığı yoxlamaq üçün proqramlar) istifadə olunur. Bu cür proqramlar iki mətni müqayisə edərək ikinci mətnin orijinal və ya birincinin dəyişdirilmiş surəti olması haqda məlumat verir. Yəni indiki sistem onunla qeydiyyatlı istifadəçi və ya kənar insanın işləməsini ayırd edəcək.
"Bizim yaşadığımız dünyada istənilən istifadəçi identifikasiya vasitələrinin kifayət qədər etibarlı olmaması səbəbindən fırıldaqçılıq, təhdid və ya xüsusi xidmət orqanlarının “qurban”ı ola bilər. Bu səbəbdən fon rejimində insanın şəxsiyyətini müəyyənləşdirən istənilən yeni texnologiya ümumdünya şəbəkəsini daha sivil edə bilər” – “ViaTheWire” şirkətindən Şarif Sakr deyib.
ABŞ hakimiyyəti yeni texnologiyanın bütün hərbi idarələrdə tətbiqini planlaşdırır və gələcəkdə kommersiya bazarına çıxarılacağını istisna etmir. Hesab edilir ki, yeni sistem bank hesabları, ödəmə sistemləri və internet mağazaların hesablarının təhlükəsizlik səviyyəsini yüksəldə biləcək. Yeni texnologiya, həmçinin "ağıllı" məişət elektronikasına giriş üçün istifadə oluna bilər.
Emil Hüseynov
30/01/15 Çap et