Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Ən son texnologiyaların tətbiqi ilə işlənmiş Vahid Mərkəzləşdirilmiş Kitabxana İnformasiya sistemi hazırlanıb
Azərbaycan Milli Kitabxanası (AMK) Mədəniyyət və Turizm Nazirliyi ilə birgə Vahid Mərkəzləşdirilmiş Kitabxana İnformasiya sistemi (ALİSA) işləyib hazırlayıb.
Sistemin hazırlığı "ULTRA" şirkəti tərəfindən həyata keçirilib. Şirkət bu sistemin işlənib hazırlanma prosesində dünyanın ən qabaqcıl kitabxana sistemlərinin təcrübəsindən faydalanıb, xüsusi kitabxana işi üzrə mütəxəssis komandası ilə işləyib.
Hazırlanmış ALISA sistemi ən son texnologiyaların tətbiqi ilə işlənmiş veb əsaslı sistemdir. Sistem MARC 21, ISO 2709, UNICODE, Z 39.50 və digər standart və protokollar üzərində qurularaq istənilən milli, ictimai, özəl, universitet, məktəb kitabxana proseslərinin tam avtomatlaşdırılması üçün bütün funksionallıqları özündə əks etdirir. Birgə layihə olan ALİSA sistemi Milli Kitabxana tərəfindən rayon MKS-lərinə tətbiq olunacaq.
AMK-dan bildirilib ki, proqram Komplektləşdirmə, kataloqlaşdırma, elektron kataloq, idarəetmə və təşkilati struktur modulları, ətraflı axtarış, onlayn əməliyyatlar, rezervasiya, kitab verilişi, hesabat və statistika və digər modullardan ibarətdir. Bütün proseslərin reallaşdırılması üçün Azərbaycan Milli Kitabxanasında "Vahid Elektron Kitabxana Qeydiyyat və Məlumatların İdarəedilməsi Sistemi" üzrə avadanlıqların tətbiqi və proqram təminatının yaradılması işləri həyata keçirilmiş, kitabxana-informasiya şəbəkəsinə daxil olan kitabxanaların məlumatlarının idarəedilməsi və qorunması üçün ekranlaşdırılmış server otağı ("DATA" Mərkəz) yaradılıb:
"Ümumiyyətlə, Mədəniyyət və Turizm Nazirliyi müntəzəm olaraq cəmiyyətin sənəd-informasiya tələbatını, o cümlədən ədəbiyyata olan tələbatının daha dolğun və müfəssəl şəkildə ödənilməsi və bu sahədə informasiya və kommunikasiya texnologiyalarından istifadə edilməsi istiqamətində mühüm layihələr həyata keçirir. Bu sahədə əhəmiyyətli addımlardan biri də pərakəndə şəkildə fəaliyyət göstərən müxtəlif kitabxana sistemlərinin vahid strukturda birləşdirilməsi və tabeçilikdə olan bütün kitabxanaların vahid mərkəzləşdirilmiş kitabxana portalının (cls.az) yaradılmasıdır.
Oxucularla münasibətləri sadələşdirən və digər mərkəzləşdirilmiş kitabxana sistemləri ilə inteqrasiyanı mümkün edən portalda məlumatlarm yerləşdirilməsi, yenilənməsi və etektron mübadilə sisteminin digər funksiyaları ilə kitabxana əməkdaşlarını yaxından tanış etmək məqsədi ilə yanvar ayının 21-dən 23-dək və 25-dən 28-dək Milli Kitabxanada treninqlər keçirilib". İki mərhələdə keçirilən treninqlərdə respublikanın 64 rayon və 9 Bakı şəhər MKS- i əhatə olunmaqla 100-ə qədər mütəxəssis iştirak etmişdir. Treninqləri Milli Kitabxananın və "ULTRA" şirkətinin mütəxəssisləri aparıb. Treninqlərdə mütəxəssislərə kitabxanaların vahid mərkəzləşdirilmiş kitabxana portalının (cls.az) yaradılması və portala materialların ötürülməsi yolları, e-maillərin açılması və b. məsələlər izah edilib. Treninqin yekununda Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov treninqlərin nəticəsi kimi dərhal portala materialların ötürülməsini tövsiyə edib. O, bu portalın üstünlüklərini bir daha önə çəkmiş, portalda mövcud olan kitabların biblioqrafik yazısının mübadiləsinin mümkünlüyündən danışıb.
Mədəniyyət və Turizm Nazirliyinin Texniki təchizat və proqram təminatı şöbəsinin müdir müavini Qabil Abbasov milli avtomatlaşdırılmış sistem olan ALİSA-nın üstünlüklərini bir daha önə çəkib. Əvvəllər İRBİS proqramı ilə işləyən bölgələrimiz artıq sınaqdan çıxmış ALİSA proqramı ilə işləyəcəklərini bildirib. Biblioqrafik yazılar Milli Kitabxanada redaktə olunub sistemə daxil ediləcək. Q.Abbasov sistemə keçidin həm vaxt, həm də maddi itkinin qarşısını alacağını bildirib.
Həqiqət İSABALAYEVA
30/01/15 Çap et