Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

ƏMDK sədri: “Ötən il hazırlanmış İKT strategiyası bu il uğurla tətbiq edilir”


Komitədə fəaliyyətin müasirləşdirilməsi məqsədilə kompleks İKT tədbirləri davam etdirilir. Ötən il hazırlanmış İKT strategiyası bu il uğurla tətbiq edilir.

Hazırda daşınmaz əmlakların vahid elektron informasiya sisteminin yaradılması üzərində işlər aparılır. Bu məqsədlə, hazırda Bakı şəhərində İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzinin tikintisi davam edir. Bundan əlavə, İT sahəsində təhlükəsizliyin təmin olunması məqsədilə Şamaxıda yaradılan Ehtiyat Məlumat Mərkəzinin tikintisi artıq yekunlaşıb.
 
Bu fikri Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədri Kərəm Həsənov ƏMDK-da keçirilən müşavirədə bildirib. Onun sözlərinə görə, daşınmaz əmlak idarəçiliyi, əmlakın qeydiyyatı, özəlləşdirmə və hərraclarla bağlı tətbiq edilən elektron xidmətlərin sayı ötən ildə artırılıb. 2014-cü ildə Komitənin fəaliyyət sahələri üzrə 14 yeni elektron xidmətin yaradılması təmin edilib. Hazırda 4 informativ və 27 interaktiv olmaqla 31 elektron xidmət vətəndaşların istifadəsindədir.
 
Qeyd olunan interaktiv xidmətlərə səhmdar cəmiyyətlərin səhmlərinin, kiçik dövlət müəssisə və obyektlərinin, yarımçıq tikililərin, dövlət qurumlarının balansında olan nəqliyyat vasitələrinin özəlləşdirilməsinə dair keçirilən hərraclarla bağlı e-xidmətlər aiddir.
 
 Bu xidmətlər sayəsində artıq dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı hərraclarda iştirak üçün sifarişlər elektron qaydada qəbul edilir. Bundan başqa dövlət əmlakının qorunub saxlanması, idarə edilməsi və istifadə vəziyyəti ilə bağlı hesabatlar, dövlət əmlakının icarəsi üzrə xidmət haqqı, daşınmaz əmlaka dair çıxarışlar, ipoteka, lizinq əməliyyatlarının qeydiyyatı və ləğvi, daşınmaz əmlakın dövlət reyestrindən məlumatların verilməsinə dair e-xidmətlər də fəaliyyət göstərir.
 
Bütün elektron xidmətlər “Elektron hökumət” portalına inteqrasiya edilib. Ümumilikdə, indiyədək komitənin qurumlarına 158 mindən çox elektron müraciət daxil olub.
 
 
 
Həqiqət İSABALAYEVA




30/01/15    Çap et