Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Cari il ərzində də elektron səhiyyə üzrə işlərin davam etdirilməsi nəzərdə tutulur
İnformasiya texnologiya infrastrukturunun inkişaf etdirilməsi, elektron proqramların tətbiqinin dünya standartları səviyyəsinə çatdırılması ötən ildə Səhiyyə Nazirliyinin prioritet istiqamətlərini təşkil edib.
Cari il ərzində də elektron səhiyyə üzrə işlərin davam etdirilməsi nəzərdə tutulur. Bu məqsədlə təxminən 1 ay əvvəl fəaliyyətə başlayan Elektron Səhiyyə (ES) Mərkəzində əhaliyə ilkin olaraq 15 elektron xidmətin göstərilməsi nəzərdə tutulur.
Həmin xidmətlər tibb müəssisələrinə işə qəbulla əlaqədar müraciətlər, tibb mütəxəssislərinin sertifikasiyası, lisenziyaların verilməsi, dərman vasitələrinin dövlət qeydiyyatından keçməsi, xaricdə tibb təhsili almış vətəndaşların işə buraxılması, səhiyyəyə aid hüquqi məsləhətlər, tibb mütəxəssislərinin hazırlığa və ixtisas kurslarına göndərilməsi, tibb işçilərinə ixtisas dərəcəsinin verilməsi və səhiyyəyə aid olan digər məsələlər daxildir. Burada “bir pəncərə” prinsipi ilə vaxt itkisinə yol vermədən keyfiyyətli xidmətdən istifadə etmək mümkündür. ES Mərkəzində prosedurların icrasına gəlincə, mərkəzə daxil olan vətəndaş ilk növbədə koordinatora yaxınlaşır, koordinator problemin istiqamətini müəyyən etdikdən sonra növbəti terminala yaxınlaşaraq operatora müraciət edir. Operator vətəndaşın şəxsiyyət vəsiqəsini oxucu cihazla skan etdikdən sonra 15 mövzudan birini seçir.
Daha sonra vətəndaşa sıra nömrəsi təqdim olunur və o, müəyyən edilən operatorun yanına keçir. Burda quraşdırılmış növbə terminalı dünyada ən müasir elektron növbə prinsipini icra edən avadanlıqlardandır. Bu mərkəzdə nazirliyə müraciət etmiş şəxs öz müraciətinin həllinin gedişatı, hansı mərhələdə olması barədə də məlumat əldə edə bilir. Mərkəz vətəndaşlığından asılı olmayaraq, hər kəsə həftənin 6 iş günü 10 nəfər heyətlə xidmət göstərir. Burda həmçinin vətəndaş öz yazılı müraciətini dinamikada izləyə bilər. ES-də quraşdırılmış kiosk cihazı imkan verir ki, onun vasitəsi ilə Səhiyyə Nazirliyinə yazılı müraciət edən şəxs qeydiyyat nömrəsini, müraciətinin hansı şöbədə və hansı mərhələdə olmasını izləsin.
Mərkəzdə 24 saat ərzində onlayn rejimində çalışan bir necə infraqırmızı kamera da quraşdırılıb.
Qeyd edək ki, mərkəz “Elektron Azərbaycan” Dövlət Proqramı çərçivəsində yaradılıb. Nazirliyin rəsmi internet səhifəsində yaradılmış “Elektron xidmətlər” bölməsində 28 elektron xidmət artıq fəaliyyət göstərir. Dövlət proqramlarına uyğun olaraq müxtəlif xəstəliklər üzrə tibbi elektron registrlərin yaradılması və inkişafı davam etdirilib. Hazırda registrlərin sayı 16-ya çatdırılıb.
Həqiqət İSABALAYEVA
31/01/15 Çap et