“Alibaba” təsisçisi Çinin ən varlı adamı statusundan məhrum olub
"Alibaba" şirkətinin təsisçisi və Direktorlar Şurasının sədri Cek Manının var-dövləti şirkətin səhmlərinin dəyəri aşağı düşdükdən sonra 1,4 milyard dollar - 26,3 milyard dollaradək azalıb. Bununla C.Ma Çinin ən varlı adamı statusunu itirərək ikinci pilləyə enib.
"Bloomberg Billionaires Index" reytinqinə görə, onun yerini sərvəti "Alibaba" təsisçisindən 400 milyon dollar çox olan maqnat və "Wanda Cinema Line" şirkətinin sahibi Van Tsyanlin tutub.
Yanvarın 29-da "Alibaba" ilkin maliyyə hesabatını təqdim edib. Şirkətin xalis gəliri ötən rübdə 964 milyon dollar təşkil etməklə 28 faiz azalıb. Bu göstərici analitiklərin gözləntilərini doğrultmayıb. Belə ki, şirkətin səhmlərinin dəyəri 89,81 dollar gözlənildiyi halda 8,8 faiz - 88,75 dollaradək enib. Səhmlərin dəyərdən düşməsi "Alibaba"nın kapitallaşma dəyərinin 25 milyard dollar azalmasına səbəb olub.
C.Ma 2014-cü ilin sentyabrında Nyu-York birjasında rekord səhmlərin ilkin yerləşdirilməsindən (IPO) sonra Çinin ən varlı adamı olub. O zaman şirkət 25 milyard dollar cəlb edə bilib. Şirkət yaradıcısı gəlirinin əsas hissəsini elektron kommersiya üzrə ən nəhəng şirkətdəki 6,3 faizlik payından əldə edir. Bundan başqa, o, "Alipay" ödəniş servisinin məxsus olduğu "Zhejiang Ant Small & Micro Financial Services Group" korporasiyasının yarısının sahibidir.
Hazırda "Alibaba" şirkətinin kapitallaşma dəyəri 245 milyard dollara bərabərdir. Şirkətin dəyəri 60 milyard dollar qiymətləndirilir ki, bu da ona Çin şirkətləri arasında ikinci olmağa imkan verir, - "
Lenta" yazır.