Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“ULTRA” “EduMan”ın tətbiqinə start verdi


 "ULTRA Technologies" şirkəti təhsil sektorunda "EduMan - Təhsil Müəssisələrinin Tədris Proseslərinin Avtomatlaşdırılması" sisteminin genişmiqyaslı tətbiqinə start verdi. Artıq bir neçə dövlət təhsil müəssisəsində istifadəyə verilmiş və özünü doğrultmuş sistemin "Baku Oxford School"da (BOS) tətbiqinə cari ilin əvvəlindən başlanıldı.
 
         "EduMan" müəllim və tələbə arasında qarşılıqlı tədris fəaliyyətinin genişlənməsi, müəllimlərin tədris planlarına nəzarət etməsi, təhsil resurslarının mərkəzləşdirilmiş saxlanılma qaydalarının təşkili, statistik və analitik hesabatlar üzrə informasiyanın toplanılması, təşkil olunacaq imtahanların daha effektiv və mərkəzləşdirilmiş yolla aparılması, imtahan şəffaflığının və effektliyinin artırılması, tədris üzrə təşkilatı strukturun idarə edilməsi, əvvəlcədən müəyyən edilmiş tədris üzrə hesabatların hazırlanması və s. kimi geniş imkanlar təqdim edir.
 
       Sistemin qurulmasının ilkin mərhələsində şirkətin analitiklərdən ibarət nümayəndə heyətinin müxtəlif yerli və xarici təhsil müəssisələrində apardıqları tədqiqatlar və peşəkar mütəxəssislərdən aldıqları tövsiyələr "EduMan  Təhsil Müəssisələrinin Tədris Proseslərinin Avtomatlaşdırılması" sisteminin funksional göstəricilərinin genişləndirilməsinə imkan yaradıb. Sistem, veb əsaslı texnologiyalar əsasında qurulduğu üçün istənilən kompüterdən həm daxili şəbəkə vasitəsi ilə, həm də internet şəbəkəsi vasitəsi ilə məlumatların ötürülməsi, dərs cədvəllərinin qurulması, müəllimlərə aid olan planların (Mövzu – təqvim planı, gündəlik plan, fərdi plan) hazırlaması, təşkilati strukturda aparılan düzəlişlərin əlavə edilməsi, müxtəlif ölçüdə hesabatların hazırlanması  və onların "MS OFFICE" proqramı ilə inteqrasiyasının təmin edilməsi kimi üstün imkanlara malikdir.
 
       Qeyd etmək lazımdır ki, "EduMan" Azərbaycan Respublikası Təhsil Nazirliyi tabeliyində olan Bakı Kompüter Kolleci, Azərbaycan Dövlət Pedaqoji Kolleci, Azərbaycan Maliyyə-İqtisad Kolleci, Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kolleci və Bakı Neft-Energetika Kollecində tətbiq edilib.
 
RƏVAN
          
 
 




02/02/15    Çap et