Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dünyada təhsildə qızların oğlanlardan üstünlüyü sübut edilib


ABŞ-ın Missuri və Böyük Britaniyanın Qlazqo universitetlərinin alimləri 2000-2010-cu illər ərzində 74 ölkədə 1,5 milyon 15 yaşlı oğlan və qızın akademik uğurları haqqında məlumatları təhlil ediblər.

Məlum olub ki, ölkələrin 70 faizində qızlar bütün fənləri oğlanlara nisbətən daha yaxşı mənimsəyirlər. Alimlərin fikrincə, tədqiqatın nəticələri ayrı-ayrı dövlətlər üçün təhsil sistemi haqqında düşünməyə və fərqi aradan qaldırmaq üçün üsul tapmağa əsas ola bilər.   
 
Maraqlıdır ki, nəticələrə ölkənin iqtisadi, sosial, siyasi və ya gender vəziyyəti təsir göstərməyib. Belə ki, hətta qadın hüquqlarının xeyli məhdudlaşdırıldığı ölkələrdə (məsələn, Qətər, İordaniya və BƏƏ) 15 yaşadək qızlar riyaziyyat, oxu və təbii elmlərin öhdəsindən daha yaxşı gəlirlər. Oğlanların bu dərs fənlərində qızları üstələyə bildiyi yeganə ölkələr Kolumbiya, Kosta-Rika və Hindistanın Himaçal-Pradeş ştatı olub. Bildirilir ki, ABŞ və Böyük Britaniyada onların uğuru bərabər səviyyədədir. Yalnız  iqtisadiyyatı inkişaf etmiş ölkələrdə uğur qazanmaq istəyən oğlanlar qızları geridə qoya bilir, onların digər ölkələrdə yaşayan həmyaşıdları adətən geri qalır. 
 
Məlumat üçün qeyd edək ki, bir neçə il əvvəl aparılan araşdırmadan məlum olduğuna görə, hazırda qadınlar kişilərə nisbətən daha təhsillidir. “Pew Research” şirkəti tərəfindən aparılan tədqiqat göstərib ki, 1970-ci ildən kişi və qadınlar arasında təhsil səviyyəsində fərq xeyli artıb. Nəticədə son 40 ildə dünyada kişilərdən çox qazanan qadınların payı beş dəfədən çox yüksəlib, - “Vokruq svetayazır. 




02/02/15    Çap et