Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Elektron məktəb üçün elektron müəllim” mövzusunda təlim kurslarını başa vuran müəllimlərə nömrələnmiş sertifikatlar veriləcək


Təhsil Problemləri İnstitutu (TPI) nəzdində keçirilən təlimlərin iştirakçılarına Təhsil Nazirliyinin nömrələnmiş sertifikatları təqdim ediləcək. Nömrələnmiş sertifikatlar nazirliyin informasiya bazasında qeydə alınacaq. Bu isə o deməkdir ki, sertifikatların saxtalaşdırılması qeyri-mümkün olacaq.
 
Qeyd edək ki, hazırda Təhsil Problemləri İnstitutunda “Elektron məktəb üçün elektron müəllim” mövzusunda təlim kursları davam edir. Kurslar “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın (2.2.1. yeni kurikulumlara və informasiya-kommunikasiya texnologiyaları əsaslı təlim metodologiyalarına uyğun metodiki vəsaitlərin, didaktik materialların və təlim vasitələrinin hazırlanmasını stimullaşdıran yeni mexanizmlərin yaradılması) məzmununa uyğun olaraq təşkil edilib.
 
Sözügedən kurs Azərbaycanın əməkdar müəllimi, beynəlxalq dərəcəli təlimçi Almaz Həsrət tərəfindən keçirilir. Elektron təhsilə keçidlə əlaqədar olaraq kurs zamanı müəllimlərə kiçik mühazirə, təqdimat, müzakirə, “workshop”, debat və müxtəlif  veb texnologiyalarından istifadə etmə kimi təlim formatından istifadə olunur. Kursun istiqamətlərinə “Elektron məktəb üçün elektron müəllim hazırlığının ən vacib aspektləri”, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası sənədi”, “Distant - məsafədən təhsil zamanı virtual sinfin yaradılması, Distant təhsilin keçirilməsi yolları”, “İKT-nin pedaqoji sahədə tətbiqi imkanları”, “İKT-nin şagirdlərdə informasiya mədəniyyətinin formalaşdırılmasında rolu”, “İKT, ev, məktəb və mədəniyyət”, “Sosial şəbəkələr və təhsil”, “Veb texnologiyalar”, “Elektron dərslərin hazırlanması mexanizmi” və s. mövzular daxildir. Kurslarda müəllimlərin elektron dərs, elektron resurslarının müxtəlif kompüter proqram və servislərdən istifadə etməklə yerləşdirilməsi, müəllim və şagirdlərin elektron portfoliosunun hazırlanması, distant olaraq şagirdlərlə işləmə bacarığının formalaşdırılması və distant təhsili aparma qaydaları və s. istiqamətlər üzrə hazırlığı aparılır.
 
Bu təlimlərdə respublikanın pedaqoji yönümlü ali təhsil müəssisələrində çalışan müəllim və tələbələr, məktəbəqədər təhsil müəssisəsi və orta məktəblərdə dərs deyən müxtəlif fənn müəllimləri iştirak edirlər. Cari il üçün nəzərdə tutulan kurslar üzrə ilk təlimlər yanvarın 30-da başa çatıb.
 
 İlin ilk kursuna Bakı şəhəri ilə yanaşı,  Samux, Göyçay, İsmayıllı, Şamaxı, Şəmkir, Zaqatala, Lənkəran, Sabirabad rayonlarından gəlmiş 40-a yaxın təhsil işçisi qatılıb. “Elektron məktəb üçün elektron müəllim” təlim kursunu uğurla başa vuran müdavimlərə  sertifikatlar təqdim edilib.
 
 
 
Həqiqət İSABALAYEVA




02/02/15    Çap et