Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Samsung”un vurtual reallıq şlemləri təyyarədə tətbiq ediləcək
Əksər şirkətlərin xüsusi eynək və şlemlər yaradaraq virtual reallıq texnologiyasını inkişaf etdirməsinə baxmayaraq, indiyədək bu tip qurğular böyük populyarlıq qazanmayıb. Ancaq bəzi istehsalçılar mümkün olan hər şeyi edirlər ki, onların məhsulu tədricən bazarda öz yerini tutsun.
"Engadget" resursu yazır ki, "Samsung" şirkəti Avstraliyanın "Qantas" aviaşirkəti ilə əməkdaşlığa başlayıb. Bu əməkdaşlıq çərçivəsində təyyarənin sərnişinləri uçuş zamanı "Samsung" şirkətinin "Gear VR" virtual reallıq şlemləri ilə təchiz ediləcək.
"ICTnews" elektron xəbər xidməti "hi-news.ru" saytına istinadən bildirir ki, məlumata əsasən, yalnız Melburn və Sidney şəhərləri arasında uçan biznes-klass sərnişinləri "Gear VR" qurğusundan istifadə edə biləcək. Sınaqlar bir ay müddətində davam edəcək və sonra şirkətlər uçuş zamanı virtual reallıq şlemlərindən istifadəyə davamla bağlı qərar verəcək.
Bundan başqa, "Gear VR" qurğusundan istifadə zamanı sərnişinlərə yalnız bəzi funksiyalar (məsələn, uçuş və enmə zamanı təyyarənin görünüşü və ya Avstraliyanın görməli yerləri ) əlçatan olacaq.
Emil Hüseynov
02/02/15 Çap et