Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Windows 8.1” sisteminin əməliyyat sistemləri bazarında payı 10 faizə çatıb


İnternet trafikini təhlil edən "NetMarketShare” servisi əməliyyat sistemlərinin populyarlığını əks etdirən statistikanı dərc edib. Sistemlər arasında birinci yeri hələ də “Windows 7” əməliyyat sistemi tutur.
 
2015-ci ilin yanvarına olan vəziyyətə görə, platforma dünyada fərdi kompüterlərin yarısından çoxunda (55,92 faiz) quraşdırılıb. “Microsoft” korporasiyasının “Windows XP” sisteminin dəstəklənməsini dayandırmasına baxmayaraq əməliyyat sistemi dünyada noutbukların və fərdi kompüterlərin 18,93 faizində istifadə olunur.
 
Yayılmasına görə üçüncü yerdə 10 faizlik bazar payı ilə "Windows 8.1” əməliyyat sistemi qərarlaşıb. “Windows 8” ilə birlikdə bu sistem fərdi kompüterlərin generasiya etdiyi internet trafikinin 13,83 faizinə nəzarət edir.
 
Cari ilin yanvarında “Windows” sisteminin bütün versiyalarının ümumi payı 91,56 faizədək yüksəlib. “Mac OS X” kimi rəqabət aparan əməliyyat sistemlərinin payı isə 0,1 faiz bənd azalaraq 7,11 faiz təşkil edib, "Linux” sisteminin 1,34 faizlik göstəricisi son ayda dəyişməz qalıb.
 
Bununla yanaşı, “StatCounter” analitik şirkəti bir qədər fərqli rəqəmlər təqdim edib. Şirkətin qiymətləndirməsinə görə, “Windows 8” və “Windows 8.1” sistemlərinin 2015-ci ilin yanvarında payı 16,79, “Windows 7”-nin - 49,39, “Windows XP”-nin - 10,83 faizə bərabər olub. “StatCounter” ekspertləri “Mac OS X”-in stolüstü əməliyyat sistemləri bazarında payını 8,22 faiz qiymətləndirib.
 
“NetMarketShare” və “StatCounter” göstəricilərində fərq onunla əlaqədardır ki, birinci servisin statistikası 40 mindən çox sayta baxan 160 milyondan çox istifadəçinin aktivliyinə əsaslandığı halda “StatCounter” unikal istifadəçiləri deyil, səhifələrin baxış sayını nəzərə alır, - "DailyComm” yazır. 




02/02/15    Çap et