Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İKT istiqamətində həyata keçiriləcək QHT layihələri qismən maliyyələşdiriləcək


Gənclər və İdman Nazirliyi informasiya-kommunikasiya texnologiyaları istiqamətində ölkədə həyata keçiriləcək qeyri-hökumət təşkilatlarının layihələrinin qismən maliyyələşdirilməsi ilə bağlı qərar qəbul edib.
 
Nazirlikdən verilən məlumata görə,  GİN gənclərin qeyri-hökumət təşkilatlarının layihələrinin qismən maliyyələşdirilməsi ilə bağlı müsabiqə keçirir. GİN-nin kollegiyasının “Gənclərin qeyri-hökumət təşkilatları tərəfindən gənclər siyasətinin əsas istiqamətlərinə uyğun olaraq hazırlanmış layihələrin qismən maliyyələşdirilməsi haqqında” qərarını və “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci fəslinin 10-cu maddəsi rəhbər tutularaq bir neçə istiqamətlər üzrə layihələrin qəbulunu elan edir.
 
 Onların arasında gənclər arasında informasiya texnologiyalarından faydalı istifadənin təbliği, gənclərin asudə vaxtının səmərəli təşkilinin təmin edilməsi, gənclərin beynəlxalq əməkdaşlığının və mübadiləsinin genişləndirilməsi, gənclərin intellektual inkişafının təmin edilməsi və yaradıcı gənclərlə iş, özəl sektorun gənclərlə bağlı korporativ sosial məsuliyyəti siyasətinin  formalaşdırılmasında iştirak və sairə var.
 
 
 “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının icrasını nəzərdə tutan yarımbəndlərdə isə göstərilir ki, Azərbaycan dili, tarixi, mədəniyyəti və incəsənətinin təbliğinə xidmət edən intellektual oyunların, müsabiqələrin, olimpiadaların və festivalların keçirilməsi, müasir peşələr, onlara tələbat və peşə seçiminə dair interaktiv informasiya resursunun, gənclərin peşəyönümü üzrə səyyar və distant məlumat-məsləhət xidmətlərinin yaradılması, gənclərin məşğulluğu və sahibkarlıq fəaliyyəti sahəsində inkişaf etmiş ölkələrin təcrübəsinin öyrənilməsi və tətbiqi ilə bağlı tədbirlərin həyata keçirilməsi və sair kimi istiqamətlər də nazirliyin diqqət göstərdiyi məsələlərdir.
 
 
 Müsabiqəyə dair bütün məlumatları Gənclər və İdman Nazirliyinin rəsmi internet səhifəsindən (www.mys.gov.az) əldə etmək mümkündür. Layihələr 2015-ci ilin fevral ayının 1-dən mart ayının 1-dək Gənclər və İdman Nazirliyinə çap və CD diskdə elektron formada təqdim olunmalıdır.
 
 
Seymur




03/02/15    Çap et