Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Avropol” Avropa İttifaqının fırıldaqçılıqla mübarizəyə dair qanun layihəsini dəstəkləyib


“Avropol” yanında Kibercinayətkarlıqla Mübarizə Mərkəzi (EC3 – European Cybercrime Centre) Avropa İttifaqının (Aİ) ödəniş fırıldaqçılığı ilə mübarizəyə dair qanun layihəsini bəyənib. Bank kartları ilə kibercinayətlərin azaldılması üzrə 18 aylıq layihənin təşəbbüskarı qismində Böyük Britaniya çıxış edib. Təşəbbüsün maliyyələşdirilməsi Aİ-nin altı ölkəsi tərəfindən həyata keçiriləcək.
 
Kiberhücumlarla mübarizə üzrə “Skynet” adlandırılan yeni planın əsas məqsədi ödəniş alətinin fiziki iştirakını tələb etməyən əməliyyatlarla bağlı fırıldaqçılıq həcminin azaldılmasından ibarətdir.
 
Avropa Mərkəzi Bankının statistikasına əsasən, bu növ cinayətlərin sayı sürətlə artmaqla artıq Aİ tərəfindən buraxılan ödəniş alətləri ilə fırıldaqçılıqdan bütün itkilərin həcminin 60 faizini təşkil edir.
 
Ekspertlər qeyd ediblər ki, əvvəlki layihələrin həyata keçirilməsi prosesində onlar əhəmiyyətli nəticələrə nail olublar. Belə ki, 59 nəfər həbs edilib, 32 məhkəmə prosesi keçirilib, 17 ittiham hökmü çıxarılıb, elektron ödəniş sahəsində fırıldaqçılıqla əlaqəsi olan beş cinayətkar qrupun fəaliyyətinin qarşısı alınıb.
 
Bundan başqa, hüquq-mühafizə orqanları 52,812 min müdaxilə edilmiş ödəniş kartının nömrəsini bərpa ediblər. Bu, regionun bank sektoruna 23 milyon funt-sterlinqə qənaət etməyə imkan verib.
 
Məlumat üçün bildirək ki, Avropa Kibercinayətkarlıqla Mübarizə Mərkəzinin vəzifəsi mütəşəkkil cinayətkar şəbəkələrin fəaliyyətinin qarşısının alınmasından ibarətdir. Hazırda təşkilatın fəaliyyəti internetdə üç cinayət növünün qarşısının alınması ilə məhdudlaşır. Bunlar onlayn mütəşəkkil fırıldaqçılıq, uşaq pornoqrafiyasının yayılması və əsas infrastruktur və informasiya sistemlərinə kiberhücumların qarşısının alınması ilə mübarizədir, - “Payspacemagazine” yazır.




04/02/15    Çap et