Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Rabitə” voleybol klubu Dejan Brdjoviçlə yollarını ayırıb
Azərbaycan çempionu “Rabitə” voleybol klubunun baş məşqçisi Dejan Brdjoviçlə yollarını ayırıb. 49 yaşlı serbiyalı mütəxəssislə mövsümün əvvəlində bağlanılan müqaviləyə qarşılıqlı şəkildə xitam verilib.
Buna Brdjoviçin Bakı təmsilçisinə ikinci dönüşündə komandanın adına layiq çıxış etməməyi səbəb olub.
Belə ki, o çalışdırıcı klub rəhbərliyi qarşısında götürdüyü öhdəliyi yerinə yetirə bilməyib. “Rabitə” Çempionlar Liqasında çıxış etdiyi bütün illərdə mərhələ adlasa da, bu dəfə 6 oyundan 4-də uduzmaqla, CEV kubokuna enib.
Həmçinin, Azərbaycan Super Liqasında XII turdan sonra lider olsa da, aktivində 2 məğlubiyyət var. Halbuki, “Rabitə” həmişə dövrələri ən çox 1 məğlubiyyətlə başa vururdu. Komandanın yeni baş məşqçisinin adı yaxın günlərdə dəqiqləşəcək.
Qeyd edək ki, Brdjoviç 2010/2011 mövsümündə də “Rabitə”nin “sükanı arxasında” olub. Bakı təmsilçisi həmin vaxt Azərbaycan çempionu olmaqla yanaşı, Çempionlar Liqasını ikinci yerdə başa vurmuşdu.
RƏVAN
04/02/15 Çap et