Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
BMT-nin İnkişaf Proqramı ilə əməkdaşlığın yeni istiqamətləri müzakirə olunub
Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı rezident əlaqələndiricisi, BMT-nin İnkişaf Proqramının (BMTİP) rezident nümayəndəsi Antonius Brukla görüşüb.
Azərbaycan ilə BMT arasında fəal əməkdaşlığın uğurlu inkişafında rabitə və yüksək texnologiyalar sahəsinin roluna toxunan nazir Əli Abbasov əməkdaşlıq çərçivəsində indiyədək bir çox layihələrin həyata keçirildiyini vurğulayıb. Azərbaycan-BMT əlaqələrinin etibarlı tərəfdaşlıq prinsipləri üzərində qurulduğunu da nəzərə çatdıran nazir Antonius Broekin ölkəmizdəki fəaliyyəti dövründə bu münasibətlərin daha da dərinləşəcəyinə əminliyini bildirib.
Ölkədə aparılan islahatları yaxından izlədiyini deyən, həmçinin respublikanın iqtisadi inkişafında İKT-nin prioritet amil kimi önə çəkilməsindən məmnunluğunu ifadə edən BMT rəsmisi Azərbaycan iqtisadiyyatının diversifikasiyası istiqamətində yüksək texnologiyalar sahəsi üzrə aparılan işləri yüksək dəyərləndirib. BMT-nin İnkişaf Proqramının Azərbaycan Hökuməti ilə tərəfdaşlığının dinamik və genişmiqyaslı olduğunu vurğulayan Antonius Bruk əlaqələri möhkəmləndirməklə, gələcək əməkdaşlıq üçün möhkəm zəmin yaradılacağını, xüsusən Azərbaycanın koordinatorluq etdiyi “Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM) layihəsinə ciddi marağın olduğunu diqqətə çatdırıb.
Görüşdə eyni zamanda, İKT sahəsində Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı ilə əməkdaşlığın yeni istiqamətləri, o cümlədən cari il ərzində həyata keçiriləcək layihələr ətrafında geniş fikir mübadiləsi aparılıb.
04/02/15 Çap et